YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: İnsan hüquq və azadlıqlarının təminatına ən böyük maneə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir

Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, demokratik, dinamik inkişaf edən və yüksək beynəlxalq nüfuza malik ölkədir. Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf edir, hər kəsin fikir, söz və məlumat azadlığı təmin olunmuşdur, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün zəruri şərait yaradılmışdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Ombudsmanların XIII Bakı Beynəlxalq Konfransında çıxışında bildirib.

Ə.Həsənov bildirib ki, 1990-ci illərin əvvəllərində müstəqillik əldə etdikdən sonra Azərbaycanda hüquqi dövlət quruculuğu, demokratik, plüralist cəmiyyətin formalaşdırlması qarşıda duran başlıca vəzifə kimi müəyyən edilmişdir. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və bu gün 20 yaşı tamam olan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında hakimiyyət bölgüsünün, liberal iqtisadiyyatın, vətəndaş cəmiyyəti quruculuğunun, insan hüquq və azadlıqlarının təməl prinsipləri təsbit olunmuş və sonrakı mərhələdə uğurla həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qəti mövqeyi ondan ibarətdir ki, müasir dövrdə müstəqil siyasi kurs, liberal iqtisadi sistem və güclü vətəndaş cəmiyyəti hər bir ölkənin dinamik inkişafını təmin edən başlıca vasitələrdir. Məhz buna görə də Azərbaycan dövləti demokratik prinsiplərin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təşviqi, vətəndaş cəmiyyəti institutlarının daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin stimullaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirir.
Müstəqillik illərində Azərbaycan özünün yeni inkişaf modelini yaratmış və mütərəqqi təcrübə kimi onu bütün dünyaya təqdim etmişdir. Cəmi 10 il ərzində iqtisadi potensial 3 dəfədən çox artmış, yoxsulluq və işsizlik kimi problemlər əsaslı şəkildə həll edilmiş, sosial-iqtisadi infrastruktur ən qabaqcıl standartlara uyğun yenidən qurulmuş, davamlı sosial rifah və ümumilikdə, ölkənin müasir simasının formalaşdırılması istiqamətində nəhəng işlər görülmüşdür.

Regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş, güclü dövlət və etibarlı tərəfdaş imici qazanmışdır. Mübaliğəsiz demək olar ki, bu tarixi sıçrayış məhz Prezident İlham Əliyevin milli iradəyə əsaslanan, müstəqil və düşünülmüş siyasəti sayəsində mümkün olmuşdur.

Ancaq bütün bu nailiyyətlər heç də asan əldə edilməmişdir. Ötən əsrin sonlarında Azərbaycan qonşu Ermənistanın ərazi iddiaları və təcavüzkar siyasəti ilə üz-üzə qalmışdır. Birmənalı şəkildə demək olar ki, ermənilər məqsədyönlü şəkildə münaqişəni silahlı mübarizə müstəvisinə keçirmişdir. Hələ 1980-ci illərin sonlarında Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlı deportasiya olunmuşdur. 1992-ci ilin əvvəllərində isə Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlara başlamışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlıların yaşadığı Xocalı şəhərində soyqırımı törədilmiş, yüzlərlə insan qətlə yetirilmiş, mindən artıq sakin isə əsir götürülmüşdür. Daha sonra Dağlıq Qarabağ bölgəsinin (4 400 kv. km) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan ətrafındakı 7 rayon ( 17 000 kv.km) ermənilər tərəfindən işğal olunmuş, bir milyona yaxın azərbaycanlı məcburi köçkün vəziyyətinə salınmışdır. Hazırda Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Qarabağ uğrunda döyüşlərdə 20 mindən çox Azərbaycan vətəndaşı həlak olmuş, 100 000 nəfərədək yaralanmış, 50 000 nəfər isə əlil olmuşdur. İşğal edilmiş ərazilərdə bütün sosial, iqtisadi və mədəni infrastruktur dağıdılmışdır.

BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədar 7 bəyanat və 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul etmişdir. Lakin Ermənistan indiyə kimi bu qətnamələrin tələblərini yerinə yetirmir və beynəlxalq hüquqa zidd mövqeyini davam etdirir.

1996-cı ilin dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi bazasını təşkil edən sənəd qəbul olunmuşdur. Zirvə toplantısı zamanı Prezident Heydər Əliyevin gərgin əməyi və diplomatik istedadı sayəsində münaqişənin həllinin siyasi-hüquqi çərçivələrini müəyyənləşdirən xüsusi bəyanat qəbul edildi. Bu bəyanat Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən müdafiə olunmuş və Lissabon sammitinin yekun qərarında öz əksini tapmışdır.

Dünyanın digər nüfuzlu beynəlxalq təşkilatları da münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən çoxsaylı qərar və qətnamələr qəbul etmişlər. 2005-ci il yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamədə Azərbaycan ərazilərinin böyük bir hissəsinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu və separatçıların Dağlıq Qarabağ regionuna nəzarət etdiyi göstərilmişdir. Qətnamədə Ermənistanın yeritdiyi etnik təmizləmə siyasəti pislənmiş, bu siyasətin və hərbi əməliyyatların monoetnik ərazilərin yaranmasına gətirib çıxarmasından narahatlıq bildirilmişdir. Bununla yanaşı, sənəddə deyilmişdir ki, Avropa Şurasının üzvü olan ölkənin başqa ölkənin ərazilərini işğal altında saxlaması onun öhdəliklərinə açıq-aşkar ziddir.

2015-ci il oktyabrın 1-də AŞPA-nın Siyasi məsələlər komitəsinin iclasında "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı məruzənin hazırlanması üçün məruzəçi təyin edilmişdir.

Avropa Parlamenti də Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsinə mane olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair sənədlər qəbul etmişdir. 2010-cu il mayın 20-də qurumun qəbul etdiyi “Cənub Qafqaz üçün Avropa İttifaqının strategiyasına ehtiyac üzrə” qətnamədə “Dağlıq Qarabağ da daxil olmaqla, Dağlıq Qarabağı əhatə edən bütün işğal olunmuş Azərbaycan torpaqlarının tez bir zamanda boşaldılması” tələb olunmuşdur.