YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Manuel Qonzales Sanz: Azərbaycan regionda bizim üçün müttəfiq ölkədir

Azərbaycan regionda bizim üçün müttəfiq ölkədir.

Bu fikri Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz oktyabrın 20-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir son illər Azərbaycanda gedən inkişaf proseslərinin təqdirəlayiq olduğunu bildirib. O, Azərbaycanın əldə etdiyi nailiyyətlərin digər ölkələr üçün nümunə olduğunu deyib. Mürəkkəb regionda yerləşməsinə baxmayaraq, Azərbaycan inkişaf edib.

Manuel Qonzales Sanz Kosta-Rikanın BMT və digər beynəlxalq qurumlar çərçivəsində atılan sülhməramlı addımları dəstəklədiyini söyləyib. Xocalı faciəsi ilə bağlı ölkəsinin parlamentinin qəbul etdiyi qətnamə barədə danışan nazir deyib ki, bu qətnamə BMT çərçivəsində təsdiq olunsa, Kosta-Rika öz dəstəyini göstərəcək. Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həll olunmasının zəruriliyini bildirib. “Biz bütün münaqişələrin bu yolla həll edilməsinin tərəfdarıyıq”, - deyə o əlavə edib.

Azərbaycanın Latın və Mərkəzi Amerika ölkələri ilə münasibətlərə böyük önəm verdiyini deyən nazir Elmar Məmmədyarov görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində atılacaq addımların müzakirə etdiklərini söyləyib. Nazir əlavə edib ki, söhbət zamanı Latın Amerikası ölkələri ilə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları da diqqət mərkəzində olub. Qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışıqların hazırkı durumu, qaçqın və məcburi köçkünlər haqqında məlumat verilib.

Görüşdə qarşılıqlı investisiyaların yatırılması ilə bağlı müzakirələrin aparıldığını deyən Elmar Məmmədyarov bu gün xarici işlər nazirləri arasında məsləhətləşmələrə dair sənədin də imzalandığını söyləyib.