YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Şəmkir rayon İcra Hakimiyyəti və YAP Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə “15 iyun - Milli Qurtuluş Günü” münasibətilə tədbir keçirilib.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, rayonda fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və partiya fəalları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli liderin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev  Milli Qurtuluş Gününün tariximizdəki yerindən söz açaraq bildirib ki, Azərbaycan bugünkü uğurlara məhz Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində nail olub. Rəşad Tağıyev 1993-cü ildə Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ikinci dəfə qayıdışının ölkəmizi böyük bir fəlakətdən xilas etdiyini, vətəndaş müharibəsi astanasında duran bir xalqın öz inkişafına qovuşması üçün siyasi, iqtisadi və mənəvi bir mühit yaratdığını vurğulayıb: “Əsası Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanın reallaşması nəticəsində biz güclü və dünyada sözü keçən dövlətlərdən birini qura bildik. Ümummilli liderin görmək istədiyi suveren və ərazi bütövlüyü təmin edilmiş Azərbaycanı da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bizə bəxş etdi”.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, Ulu Öndərin həyat və fəaliyyəti bizim üçün örnəkdir, güc mənbəyidir. Bugünkü Azərbaycanın sürətli inkişafının təməli məhz Heydər Əliyev tərəfindən yaradılıb. Bu siyasi kursa Azərbaycanda alternativ yoxdur. Bu gün ümummilli liderimizin siyasi kursu onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnanırıq ki, dövlətimiz milli öndərimiz Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunun ən ləyaqətli davamçısı cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edəcək, müstəqilliyini və suverenliyini daha da möhkəmləndirəcəkdir. Heydər Əliyev vaxtilə qətiyyətlə bəyan etmişdir ki: “Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz”. Bu inam, bu qətiyyət Milli Qurtuluş Gününün mənasıdır.

Çıxışlardan sonra yerli mədəniyyət işçiləri tərəfindən Ulu öndər Heydər Əliyevin sevdiyi musiqilər səsləndirilib.

Sonra YAP Şəmkir rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə fəxri fərman təqdim olunub.