YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi hadisə

“Qız Qalası” və “Xudafərin” hidroqovşaqları bölgədə inkişafa, təhlükəsizliyə və dostluğa xidmət edən uzunmüddətli əməkdaşlıq körpüsüdür

“Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir. Çünki hər iki hidroqovşağın inşası uzun tarixi mübarizənin və gərgin əməyin nəticəsidir. Sirr deyil ki, tarixi 70 il öncəyə qədər gedib çıxan bu layihəyə, hidroqovşaqların inşasına qarşı anti-Azərbaycan dairələrinin, xüsusilə də radikal müxalifətin məkirli oyunları, çirkin kampaniyaları aparılsa da, iflasa uğrayıblar. Məhz, Azərbaycan və İran hakimiyyətlərinin iradələri nəticəsində bu mühüm layihələr həyata vəsiqə qazanıb”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları uzun illər hər iki xalqın və dövlətin maraqlarına xidmət göstərəcək: “Hazırda “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız Qalası” su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir. Su tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları paritet əsasda ölkələrimizin maraqlarına xidmət etməklə Azərbaycan-İran təcrübəsində transsərhəd sulardan istifadənin örnəkləri olacaq. Bu layihə təkcə Azərbaycana mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması, illik 358 milyon kilovat-saat elektrik enerjisi istehsalı, 80 milyon kubmetr qaza qənaət imkanı yaradacaq. “Xudafərin” və “Qız Qalası” Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafının mühüm elementlərindən olmaqla bərabər, regional əməkdaşlıq əlaqələrinə də təkan verəcək. Eyni zamanda, stansiyaların qoşulacağı “Cəbrayıl” enerji qovşağı ilə Şərqi Zəngəzur və Naxçıvan bölgələri arasında yeni enerji bağlantısına xidmət edəcək. Beləliklə də, “Xudafərin” və “Qız Qalası” Azərbaycan və İran üçün ekoloji, enerji, iqtisadi əhəmiyyət daşıyan infrastruktur layihələri olmaqla bərabər, bölgədə inkişafa, təhlükəsizliyə, dostluğa xidmət edən uzunmüddətli əməkdaşlıq körpüsüdür”.

“Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi hadisəsi eyni zamanda Azərbaycan-İran dövlətlərarası münasibətlərin ən yüksək səviyyəsini nümayiş etdirir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, bu cür layihələrin reallaşdırılması dostluğun növbəti təzahürüdür.