YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni mərhələnin başlanğıcı

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirildiyi 5 mart 2021-ci il tarixindən bizləri 3 illik zaman ayırır. Hər bir mühüm hadisə, tarixi məqam gələcək hədəflərdən bəhs etmədən öncə keçirilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Dövlət başçısı İlham Əliyev həmin qurultayda proqram xarakterli çıxışında  Ümummilli Lider Heydər Əliyevin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi Yeni Azərbaycan Partiyasının cəmiyyətdə rolunu, yerini, mövqeyini möhkəmləndirən amilləri bir daha ətraflı şəkildə diqqətə çatdırmışdı.  Reallıq budur ki, Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.  Partiya Ümummilli Liderin  ətrafında yaradılmışdır. Onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını  ətrafında birləşdirdi. Cənab İlham Əliyev Ulu Öndərin böyük cəsarət və qəhrəmanlıq tələb edən addımlarına diqqəti yönəldərək qeyd etmişdir ki,  Ümummilli Liderin  müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilib və hər zaman dəstəklənib. Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Ulu Öndər Heydər Əliyev isə Naxçıvan Muxtar Respublikasında referendumun keçirilməsinə imkan verməmişdir. Bu, böyük cəsarət, qəhrəmanlıq və uzaqgörənlik tələb edən addım idi.

Milli maraqlar və müstəqillik Ulu Öndər Heydər Əliyevin dövlət siyasətinin mütləq prioritetləri olmuşdur. 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident  seçildi və ölkənin böhrandan çıxma prosesi başladı. Milli düşüncə göstərərək Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.

Azərbaycan ziyalılarının- “91-lər”in müraciətinə cavabında Ulu Öndər Heydər Əliyev  bildirmişdir ki,   müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratik prinsiplərə və  siyasi plüralizmə nail olmaq üçün Yeni Azərbaycan  Partiyasının yaradılması obyektiv zərurətdən doğur: “Belə partiya  Azərbaycanın ictimai-siyasi həyatında  fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində  və inkişafında  tarixi rol oynaya bilər. Əgər belə  partiya  yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram.”  

Prezident İlham Əliyevin  partiyanın VII qurultayında söylədiyi “Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi. O vaxt, yenə də deyirəm, cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, təzə-təzə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdır. Hərbi məğlubiyyət, eyni zamanda, daxili böhranla tamamlanır. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdur”  fikirləri   çətin şəraitdə yarandığına baxmayaraq qısa müddətdə  xalqın etimadını qazanaraq iqtidar partiyası kimi fəaliyyət göstərən YAP-ın keçdiyi yolun təqdimatı idi. Ümummilli Lider Heydər Əliyev YAP-nın ətrafında toplaşan insanlarla birlikdə  ölkəni  parçalanmaqdan, bölünməkdən, vətəndaş müharibəsindən xilas etdi. 

Yeni Azərbaycan Partiyası  Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin ictimai-siyasi sabitliyinin qorunmasına, beynəlxalq nüfuzunun artmasına davamlı töhfələri ilə diqqətdə olub. Partiyanın Proqramında  əksini tapan hədəflərdən biri ərazi bütövlüyümüzün bərpası idi ki, bunu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev reallığa çevirdi. Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını böyük əminliklə ifadə etmişdir.

1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində Azərbaycanı inkişaf etdirən, zirvələrə yüksəldən Prezident İlham Əliyevin təkmil islahatları, uğurlu siyasəti nəticəsində ölkəmiz ən islahatçı ölkələri sırasında qərarlaşdı. Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi  xalqımızın yenilməz, məğrur xalq olduğunu bir daha dünyaya çatdırdı.

Cəmiyyətin avanqard qüvvəsi, Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyasının qurultaylarında qəbul olunan qərarlar sonrakı mərhələdə ölkəmizin, partiyanın qarşısında yeni imkanlar açır, gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır, ictimai-siyasi həyatımıza yeniliklər gətirir. Partiyanın tarixi Zəfərimizin reallıqları əsasında keçirilən  VII qurultayı da bu baxımdan xüsusi əhəmiyyət kəsb etdi. Xalqın böyük etimadını, inamını qazanaraq böyük inkişaf yolu keçən partiyanın VII qurultayında dövlət başçısı, YAP Sədri İlham Əliyev proqram xarakterli çıxışında bir daha  “91-lər”in fəaliyyətini yüksək qiymətləndirərək  bildirmişdir ki, təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular. Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. 1992-ci ildən başlanan inkişaf yolu Azərbaycana davamlı uğurlar qazandırır.

DİGƏR Xəbərlər Arxiv