YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan reallıqları yaradan ölkədir

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

“Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var.” Dövlət başçısı, YAP Sədri İlham Əliyev 2021-ci il 5 mart tarixində şanlı Zəfərimizin reallıqları əsasında Yeni Azərbaycan Partiyasının VII qurultayında onu da əminliklə bildirdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Partiyamızın çoxminli üzvləri xalqımızın bütün təbəqələrini təmsil edirlər.

Cənab İlham Əliyev həmin çıxışında bu mühüm məqamı da xüsusi qeyd etmişdir ki, Azərbaycan reallıqları yaradan ölkədir. Bundan əvvəlki dövrlərdə də  təşəbbüslərimizlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Uğurlu enerji, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə, geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri Azərbaycanla bərabər icra edən ölkələrin sayı artmaqdadır. Bu, istər-istəməz həmin ölkələr, hətta, əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir. Ona görə son vaxtlar siyasətimizlə bağlı dünyada gedən düzgün təhlillər və  fəaliyyətimizə verilən yüksək qiymət həqiqəti tam əks etdirir: “İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaratmışdır. Bölgədə yeni əməkdaşlıq imkanları yaranmışdır. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır və eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb. Biz bütün işləri ardıcıllıqla edirik… Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi - ərazi bütövlüyümüzün bərpasını təmin etdik.”

Əldə olunmuş tarixi Qələbə sayəsində Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda, ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq.

Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz payı vardır. Cənab İlham Əliyevin partiyanın VII querultayında tapşırığına uyğun olaraq müasir dövrün çağırışlarını özündə əks etdirən  yeni Proqranı hazırlandı və 2021-ci ilin sonunda təsdiqləndi. Həmin Proqram YAP-ın qarşıya qoyduğu hədəflərə doğru inamla irəlilədiyini, hər bir məqsədinə uğurla nail olduğunu təsdiqləyir. Xatırlasaq, YAP yeni yarananda “Yeni müstəqil Azərbaycan uğrunda” deyib yolunu  davam etdirdi. Hər dövrün, zamanın tələbləri partiyanın fəaliyyətində xüsusi yer tutur.  Tarixi Zəfərimiz də daxil olmaqla partiya ilk Proqramında nəzərdə tutduğu bütün hədəflərinə yüksək səviyyədə nail oldu. Yeni Proqram bir daha  əminliyə əsas verir ki, YAP bundan sonra da  qarşısına qoyduğu hədəflərə zamanında və yüksək səviyyədə nail olacaq.

Qeyd etdiyimiz kimi, tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasından sonra ölkəmizin həyatında yeni dövr başlayır. Suverenliyimizin bərpasından sonra cənab İlham Əliyev 20 ildə verilən bütün vədlərin, qarşıya qoyulan vəzifələrin icra edildiyini böyük qürur hissi ilə qeyd etdi. Artıq növbədənkənar prezident seçkilərinin keçirilməsinə böyük zərurət duyuldu. Cənab İlham Əliyev belə bir əminliyi də ifadə etdi ki, 7 fevral növbədənkənar prezident seçkiləri yeni dövrə xeyir-dua verəcək.

Bu gün böyük qürur hisi ilə 7 fevral prezident seçkilərində cənab İlham Əliyevin  inamlı qələbəsindən bəhs edirik. Bu qələbə Azərbaycanın son 20 ildə qazandığı uğurların hesabatı, xalqımızın görülən işlərə verdiyi yüksək dəyərin təqdimatı oldu. Azərbaycanın hər biri uğuru xalqımızın 2003-cü ildəki seçimində yanılmadığını nümayiş etdirir. Bu qələbə, həmçinin ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan rolunun, nüfuzunun nümayişi oldu. Yeni dövr həm ölkəmiz, həm də Yeni Azərbaycan Partiyası üçün uğurlu bir mərhələ olacaq. Əsas hədəf Böyük Qayıdış Proqramının uğurlu icrası və soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışının tezliklə tam şəkildə başa çatdırılmasıdır.

Cənab İlham Əliyevin YAP-ın VII qurultayında qarşıya qoyduğu əsas hədəflərdən biri də bu oldu ki, yeni dövrdə siyasi dialoq daha da dərinləşdirilməlidir. Bu prosesə müharibədən əvvəl start verildi və  qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün dialoq önəmli amildir. Qurultay zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası) Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri öz müsbət həllini tapmışdır. Yeni siyasi konfiqurasiyanın formalaşdırılmasını hədəfləyən islahatlar ölkədə həmrəylik mühitinin bərqərar olunması və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılmasına xidmət edir.

DİGƏR Xəbərlər Arxiv