YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan İrana Trans-Anadolu qaz və Bakı-Tbilisi-Ceyhan neft kəmərlərindən istifadə etməsini təklif edib

Azərbaycan İrana neft və qazını Avropa bazarlarına ixrac etmək üçün Trans-Anadolu qaz və Bakı-Tbilisi-Ceyhan neft kəmərlərindən istifadə etməsini təklif edib.

Bu təkliflə İran İslam Respublikasında səfərdə olan Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bu ölkənin neft naziri Bijən Namidar ilə görüşündə çıxış edib. Nazir, həmçinin neft və qaz istehsalında istifadə olunan müasir avadanlıqların istehsalı üçün birgə zavodun yaradılması təklifini də irəli sürüb. Görüşdə qeyd olunan zavodun tikilməsi və İranın gələcəkdə Trans-Anadolu qaz kəmərinə qoşulması üçün işçi qruplarının yaradılması haqqında razılıq əldə edilib.

Bundan başqa, Azərbaycan İrana qazın saxlanması və tələbatın artım dövründə ondan istifadə etmək üçün yeraltı qaz anbarlarından yararlanmağı təklif edib.

İranın neft naziri diqqətə çatdırıb ki, İran Xəzər dənizində neft-qaz sahəsində Azərbaycanla əməkdaşlıq edə bilər. “Biz Xəzərdə əməkdaşlıq üzrə konkret təkliflər irəli sürmüşük və Azərbaycan tərəfindən cavab gözləyirik. Əgər razılaşma əldə edilsə, dövlət başçılarının görüşündə müvafiq sənədi imzalamaq mümkün olacaq” - deyə, nazir vurğulayıb.

B. Namidar bildirib ki, İranda neft-qaz sahədə fəaliyyət göstərən şirkətlərin böyük təcrübəsi var və Azərbaycanda işləməyə maraq göstərirlər. Eyni zamanda, Azərbaycanda bu sahədə fəaliyyət göstərən şirkətlər İranda işləyə bilərlər.

B. Namidar diqqətə çatdırıb ki, İran neft avadanlığının istehsalı sahəsində böyük təcrübəyə malikdir: “İran “Siemens” turbinlərini istehsal edir. Biz neft avadanlığının birgə istehsalı sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırıq”.

Öz növbəsində, Ş.Mustafayev qeyd edib ki, Azərbaycan İranla birlikdə neft avadanlığının istehsalı sahəsinə sərmayə qoymağa hazırdır.

Nazir vurğulayıb ki, Azərbaycan öz neftini müxtəlif istiqamətlər üzrə nəql etməyə, həmçinin qarşılıqlı əməkdaşlığa səy göstərir. Rusiyada boru kəmərimiz var. Digər boru kəməri ilə Gürcüstan və Türkiyəyə neft nəql edirik. Bizim üçün bir istiqamətdən asılı olmamaq və qarşılıqlı əməkdaşlıq formalaşdırmaq strateji cəhətdən əhəmiyyətli məsələdir. İranla da qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışırıq.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov və başqaları iştirak ediblər.