YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Azərbaycan milli mətbuatının yaranmasının140 illiyi ilə münasibətilə tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində  Azərbaycan milli mətbuatının yaranmasının140 illiyi ilə münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib  ki, 140 il ərzində milli mətbuatımız tarixi yol keçib. Azərbaycan mətbuatının yaranmasının 140 illiyi ilə bağlı dövlət başçısı tərəfindən sərəncam verildiyini xatırladan M.Qurbanlı qeyd edib ki, hazırda bununla əlaqədar respublikamızda müxtəlif tədbirlər keçirilir. 

YAP İcra katibinin müavini deyib ki, «Əkinçi»dən başlayaraq milli mətbuatımız xalqımızın maariflənməsində böyük rol oynayıb. Onun sözlərinə görə, Azərbaycan mətbuatı həm Xal Cümhuriyyəti, həm də sovet dövründə milli maraqlarımıza xidmət edib.

Mübariz Qurbanlı vurğulayıb ki, Ümummilli lider Heydər Əliyev mətbuata çox böyük diqqət və qayğı göstərib. Ulu öndərin bu qayğısı yalnız müstəqillik illərində deyil, eyni zamanda sovet dövründə də, Azərbaycana rəhbərlik etdiyi dövrdə də açıq-aşkar hiss olunub. Bu qayğının nəticəsidir ki, Ulu öndər Azərbaycan mətbuatının dostu kimi jurnalistlər tərəfindən yüksək ada layiq görülüb və Heydər Əliyev də həmin adı alarkən bu adı yüksək dəyərləndirdiyini qeyd edib. "Bu gün də Prezident İlham Əliyev mətbuata diqqət və qayğını ön planda saxlayıb. Azərbaycan mətbuatına dövlət qayğısı ilə bağlı konsepsiya var" deyən Mübariz Qurbanlı bildirib ki, mətbuatın dünya miqyasında rolu getdikcə artır. «Mətbuatın ictimai fikrə təsiri genişlənir. Mətbuat cəmiyyətin güzgüsüdür. Cəmiyyət nədirsə, mətbuat da onu özündə əks etdirir. Amma bəzən görürsən ki, güzgünün özü səhvdir. Yəni elə güzgülər var ki, insanı olduğu kimi yox, başqa-başqa formalarda göstərir»- deyən Mübariz Qurbanlının sözlərinə görə, Yeni Azərbaycan Partiyası həmişə mətbuatla sıx əməkdaşlıq edir. O, milli mətbuatımızın 140 illiyi münasibətilə jurnalistləri təbrik edib.

YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov isə bildirib ki, Azərbaycan müstəqillik qazanandan sonrakı dövrdə mətbuatda kifayət qədər peşəkar kadrlar yetişib: “Keçmiş SSRİ-də 14 respublika ilə müqayisədə Azərbaycanın müstəqillik qazanması prosesi çox ağır oldu, torpaqlarımız işğala məruz qaldı, separatizm baş qaldırdı. Mətbuat xalqın Azərbaycan ərazilərinin müdafiəsinə səfərbər olunmasında, dövlətçiliyimizin qorunmasında mühüm rol oynayıb”.

Ulu öndər Heydər Əliyevin mətbuata qayğısı, bu istiqamətdə gördüyü işlərə toxunan Siyavuş  Novruzov Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə işlərin davam etdiyini vurğulayıb: “Birinci Avropa Oyunları da göstərdi ki, bir neçə orqanı çıxmaq şərti ilə, mətbuatımız ümumxalq maraqları digər maraqlardan üstün tutaraq, Azərbaycanda keçirilən bu möhtəşəm tədbirə qarayaxmalara, erməni lobbisindən maliyyələşən dairələr və sapı özümüzdən olan baltalara qarşı birmənalı mövqe ortaya qoydu. Siyasətçilərin də öz proqramlarını seçicilərə çatdırmasında mətbuatın rolu əvəzedilməzdir.  Qarışdan gələn parlament seçkiləri Azərbaycan mətbuatının 140 illiyinə təsadüf edir. İnanıram ki, 140 illik təcrübə parlament seçkilərində təbliğat-təşviqat kampaniyasının qurulmasında özünü göstərəcək. Həm də qarşıdan Ramazan bayramı gəlir, bu münasibətlə xalqımızı, jurnalistlərimizi təbrik edirik”. 

Daha sonra tədbirdə iştirak edən jurnalistələr mükafatlandırılıb.