YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi və daha da inkişaf etdirilərək yüksəklərə qaldırılması sayəsində Azərbaycanı dünyada söz sahibi və regionda lider dövlətə çevirən 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri sayəsində regionda və ölkəmizdə yeni reallıqlar yaranmışdır. Bu reallıqlar fonunda Azərbaycanın müstəqilliyi tarixində ilk dəfə bütün ölkə ərazisində keçiriləcək növbədənkənar Prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.

Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl edərək ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda dalğalandırır. Bu baxımdan 2024-cü ilin 7 fevral tarixində keçiriləcək seçkiləri Zəfər seçkisi adlandırsaq, heç də səhv etmərik. Təbii ki, seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız dünyada qəbul olunmuş siyasi təcrübədə olduğu kimi, öz siyasi iradələrini vaxtından əvvəl ifadə edəcəklər. Bu seçkilər Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamını və çox minillik tarixə malik Azərbaycan xalqının dəstəyinə əminliyi təzahür etdirir. Çünki, “Qarabağ Azərbaycandır!” şüarını dillərdə əzbərə çevirmiş xalqımızın bu şüarı yaradan və reallığa çevirən rəhbərinin yanında olacağına şübhə ola bilməz.

Bilməliyik ki, Azərbaycanın Qələbəsini həzm edə bilməyən, regionda tam müstəqil bir dövlətin olmasını istəməyən dövlətlərin təxribatlarının qarşısının alınması üçün davamlı islahatlar apararaq siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyətə malikdir.

Azərbaycanın demokratik, tolerant, multikultural dəyərlərə malik bir dövlət olduğu təkzib edilməz faktdır. Bunu ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesi başa çatdıqdan sonra növbədənkənar seçkilərin keçirilməsinə dair qərar verilməsi bir daha təsdiq etdi. Təbii ki, bununla dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara bərabər imkan və ədalətli rəqabət mühiti yaradılmış oldu. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq seçkilərin keçiriləcəyi 60 gün müddətində bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar. Bir sözlə, potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün növbədənkənar Prezident seçkiləri universal fürsətdir. Yaradılmış belə şəraitdə seçkilərin keçirilməsi ilə bağlı istənilən narazılıq yalnız qərəzli mövqe kimi dəyərləndirilə bilər.

“Siyasi partiyalar haqqında" yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda çətinlik çəkən radikal siyasi qüvvələrin qərəzli ritorikaları Azərbaycan xalqını çaşdıra bilməz, çünki xalq ipi kənar qüvvələrin əlində olan “siyasi liderlərin” iç üzünü artıq çox yaxşı tanıyır. Yaxşı olar ki, ötən illər ərzində bütün etibarını itirmiş belə radikal qüvvələr öz zəifliklərini etiraf edib ucuz demaqoqiyadan kənara dursunlar.