Xəbərlər
Enerji siyasəti milli maraqlar və qlobal çağırışlar kontekstində reallaşdırılır

Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Bu gün Azərbaycan regionda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin uğurla yürütdüyü, düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası nəticəsində Azərbaycan etibarlı strateji tərəfdaş kimi dünyada enerji təhlükəsizliyinin təmin olunmasında böyük önəm daşıyan ölkəyə çevrilmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili, xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Xüsusilə qeyd etmək lazımdır ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində ölkəmiz regionda ən güclü və yüksək beynəlxalq nüfuza malik olan aktora çevrilib. Azərbaycan son illər ərzində cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində hərtərəfli inkişaf yolu keçib.
Prezident İlham Əliyev 24 iyun tarixində Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində çıxışı zamanı bildirib ki, “Bu gün ölkəmizin energetika sahəsində əlamətdar bir gündür. “8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir. Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bu gün “8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır. 1880 meqavat gücündə bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Hazırda bizim elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və əlbəttə ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir”.
Qeyd edək ki, dövlətimizin enerji potensialı getdikcə artmaqdadır. Bu da ölkəmizin böyük enerji daşıyıcısı olan dövlətə çevrilməsinə də böyük imkanlar yaradacaqdır. Bu gün Azərbaycan bölgədə həmçinin neft-qaz, enerji ixracatçısı kimi və lider dövlət olaraq etibarlı strateji tərəfdaş mövqeyini nümayiş etdirir.