YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Enerji layihələri Azərbaycanın regional mövqelərini gücləndirir

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Azərbaycanın enerji sektorundakı mühüm hadisələrdən biri iyunun 24-də rəsmi açılışı keçirilən “8 Noyabr” Elektrik Stansiyasıdır. Mingəçevirdə yerləşən və ümumi gücü 1880 MVt olan bu stansiya Azərbaycanın müstəqillik dövründə inşa edilən ən iri elektrik enerjisi istehsal müəssisəsi kimi ölkənin enerji tarixində xüsusi yer tutur. Layihənin strateji əhəmiyyəti ondan ibarətdir ki, bu stansiya təkcə ölkənin daxili enerji tələbatının ödənilməsində deyil, həm də ixrac potensialının artırılmasında mühüm rol oynayacaq.

Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı Sərəncama əsasən inşasına başlanan bu layihə rekord sayılacaq müddətdə - cəmi iki il ərzində uğurla başa çatdırılıb. Layihənin hazırlanması və icrasında Azərbaycanın mühəndisləri əsas rol oynayıb və texniki həllər dünya təcrübəsi ilə uzlaşdırılaraq, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə həyata keçirilib. Stansiyanın tikintisində İtaliyanın “Ansaldo Energia” və Çinin “Dongfang” şirkətləri ilə yanaşı, yerli ixtisaslaşmış BCC Group da iştirak edib ki, bu da Azərbaycanın enerji sektorunda milli kadr potensialının və sənaye imkanlarının sürətlə inkişaf etdiyini təsdiqləyən əhəmiyyətli göstəricidir.

Dövlət başçısı İlham Əliyev “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində Azərbaycan-İtaliya, Azərbaycan-Çin münasibətlərinin hazırkı inkişaf səviyyəsinə diqqəti yönəltdi. Bildirdi ki, İtaliya və Çin Azərbaycanın strateji tərəfdaşlarıdır.

Strateji tərəfdaşlıq haqqında İtaliya ilə iki, Çinlə iki bəyannamə imzalanmışdır. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdədir. “Biz İtaliya ilə xüsusilə energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzunmüddətli və strateji əməkdaşlığa bir neçə il bundan əvvəl başlamışıq” deyən cənab İlham Əliyev qeyd etdi ki, Çinlə bu yaxınlarda daha çox bərpaolunan enerji layihələrini birgə icra etməyə başlayırıq: “Mənim aprel ayında Çinə dövlət səfərim zamanı lazım olan razılaşmalar əldə edildi. Onu da bildirməliyəm ki, Azərbaycanda bu gün yaradılan yeni Günəş elektrik stansiyalarının təchizatı böyük dərəcədə Çin şirkətləri tərəfindən təmin edilir. Yəni, bu hər iki ölkə bizim üçün həm strateji tərəfdaşdır, həm də önəmli ticarət tərəfdaşımızdır. Qeyd etdiyim kimi, siyasi əlaqələr çox yüksək səviyyədədir və biz burada çox gözəl beynəlxalq əməkdaşlıq nümunəsini görürük”.

Bu layihənin qısa müddət ərzində icra edilməsi rekord nəticə sayıla bilər. Çünki təxminən 2 min meqavatlıq elektrik stansiyasının inşa müddəti bir neçə il davam edir. Elə sovet dövründə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının inşası 1974-cü ildə başlamışdır və birinci blok 1981-ci ildə istismara verilmişdir. Yeddi ildən sonra 300 meqavat enerji əldə edilmişdir. Cənab İlham Əliyev sözügedən açılış mərasimində bildirdi: “Biz isə iki il ərzində təxminən 2 min meqavat enerji əldə etmişik və əlbəttə ki, bunun bir çox səbəbləri var. Təbii ki, buna burada mövcud olan energetika bazamız, təcrübəmiz, Azərbaycan energetiklərinin peşəkarlığı, bilikləri, təcrübələri və əlbəttə ki, bizim beynəlxalq tərəfdaşlarımızın da töhfəsi şərait yaratdı. Bu stansiyanın ərsəyə gəlməsində İtaliya və Çin şirkətlərinin böyük payı var. Azərbaycan energetikləri ilə birlikdə bu gözəl işi biz qısa müddət ərzində görə bildik”.

Azərbaycan dünyanın qabaqcıl enerji şirkətləri, beynəlxalq maliyyə institutları və ekoloji təşkilatları ilə yeni tərəfdaşlıqlar qurmaq, yaşıl enerji texnologiyalarının tətbiqini genişləndirmək və beynəlxalq yaşıl maliyyə resurslarına çıxış imkanlarını gücləndirmək imkanı qazanıb. “8 Noyabr” Elektrik stansiyasının açılışı yeni əməkdaşlıq formatının təqdimatıdır. Cənab İlham Əliyev hər zaman yeni körpülərin qurulmasına çağırışlar edir. Ölkəmizin malik olduğu iqtisadi potensialdan maksimum səmərəli istifadə etməsi hər bir çağırışı yüksək səviyyədə yerinə yetirməsinə stimul verir. Hazırkı dövrün əsas hədəfi bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycanın ötən il COP29 iqlim konfransına ev sahibliyi bu sahədə əməkdaşlığa geniş imkanlar yaradır.