YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətənə xidmət nümunəsi

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

12 dekabr müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anım günüdür. Xalqımız Ümummilli Liderin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.

Müstəqil Azərbaycan Ümummilli Liderin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu sıraya təkmil siyasi sistemin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, həmçinin milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması aid edilə bilər. Eyni zamanda, həmin dövrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Bu, müstəqil Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edən çox mühüm vasitə oldu.

Siyasi və iqtisadi islahatların paralelliyinin qorunması davamlı inkişafın təmin edilməsində əsas faktordur. 1994-cü il 12 may tarixində Ermənistanla atəşkəs sazişinin imzalanması bütün sahələrdə uğurlara yol açdı. Həmin ilin 20 sentyabrında tarixə “Əsrin müqaviləsi” kimi  daxil olan neft sazişi imzalandı. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. Bu saziş Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmışdır. Ulu Öndər Heydər Əliyev bildirmişdir: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.”

1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Ölkə daxilində başlanan islahatlar həlledici rol oynamışdır. Həmin dövrdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu.

Reallıq budur ki, hər bir ölkənin inkişafı, beynəlxalq münasibətlər sistemində yeri və rolu düzgün qurulan siyasətdən, möhkəm təməldən asılıdır. Azərbaycanın bu gün  iqtisadi, siyasi, humanitar mərkəz kimi tanındığını, dünyada söz sahibliyini  böyük qürur  və fəxrlə qeyd ediriksə, bu, düzgün müəyyənləşdirilən yolun uğurlarıdır. Bu yol Heydər Əliyev yoludur. Dahi şəxsiyyət hakimiyyətinin hər iki dövründə dövlətinin, xalqının gələcəyi barədə düşünüb, Azərbaycanı gələcəkdə necə görmək istədiyini bildirib. Məhz bi istək, arzu həyata keçirilən siyasətin, atılan addımların əsası oldu.

Azərbaycanın bugünkü uğurlarını düzgün dəyərləndirmək üçün müstəqilliyinin bərpasının ilk illərini yada salmaq bir zərurət kimi qarşımızda dayanır.  Müstəqilliyimizin bərpasının ilk illəri tariximizin qara səhifəsi kimi xarakterizə edilir. O illərdə Azərbaycan ən çətin dövrünü yaşadı. Səriştəsiz, idarəçilik təcrübəsi olmayan ünsürlərin ölkəyə rəhbərliyi Azərbaycanı ən böyük faciələrlə, təhlükələrlə üz-üzə qoydu. Xalqın sabaha inamı tamamilə itmişdi. Belə çətin vaxtda xalqının səsinə səs verən Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə bugünkü Azərbaycanın möhkəm təməlini yaratdı.

Azərbaycan dahi şəxsiyyətin gələcəyə hesablanmış, düşünülmüş siyasəti nəticəsində xaosdan, anarxiyadan, özbaşınalıqlardan, iqtisadi böhrandan xilas oldu. Ölkəmizdə daxili sabitliyin yaradılması, bütün sahələrdə davamlı inkişafın təmin edilməsi üçün imkanlar yarandı. Ulu öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlərdə öz aktuallığını qoruyur. Azərbaycan ən sabit, təhlükəsiz ölkə kimi mövqeyini möhkəmləndirdi. İlllər keçdikcə atılan addımların uğurları Azərbaycanın bu mövqeyinə yeni əlavələr etdi. Bu baxımdan ki, bu gün Azərbaycan həm də dünyaya qalib ölkə kimi təqdim edilir. Regionda iqtisadi inkişafa böyük maneə kimi dəyərləndirilən Qarabağ münaqişəsi üç ildir tarixə qovuşub. Hazırda Azərbaycan regionda dayanıqlı sülhün, təhlükəsizliyin yaradılması üçün ciddi səylər göstərir, Ermənistana təklif etdiyi sülh təklifinin reallığa çevrilməsinə çalışır.

Azərbaycanın ayrı-ayrı mövzuların, müxtəlif sahələri əhatə edən məsələlərin müzakirəsi üçün ideal məkan kimi qəbul olunması da hər bir sahədə zəngin təcrübəyə malik olmasına əsaslanır. Ölkəmiz dünyaya təkmil inkişaf modelini təqdim edir. Cənubi Qafqazın lider dövlətinə çevrilən, imzası ilə sözü arasında heç bir fərqin olmadığı Azərbaycan bu gün sabitlik, təhlükəsizlik, əmin-amanlıq məkanıdır. Daim artan dayanıqlı iqtisadiyyatı, qüdrətli orduya, güclü sosial siyasətə malik olması ilə seçilən ölkəmiz möhtəşəm qlobal layihələri uğurla reallaşdıran, tolerant dəyərlərin daşıyıcısı, multikulturalizm nümunəsi olan, bütün əməkdaşlıq formatlarında etibarlı tərəfdaş kimi tanınan bir ölkə kimi dünya birliyində nüfuzlu mövqeyə sahibdir.

Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi, fədakarlığı, dövlətinə, xalqına bağlılığı sayəsində Azərbaycanın dünya birliyində əsl söz sahibi kimi yeri və rolunun möhkəmləndirməsi istiqamətində fəaliyyəti Vətənə xidmət nümunəsinə çevrilib. Ulu Öndər Azərbaycan tarixində müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırıb. Dövlət başçısı İlham Əliyev müstəqillik tariximizin ayrı-ayrı dövrlərinin müqayisəli təhlilini, gələcək nəsillərə çatdırılmasını qarşıya mühüm vəzifə kimi qoyur. Bu çağırış edilir ki, gələcək nəsillər Azərbaycanın qazandığı uğurlara görə kimə borclu olduğumuzu bilməlidirlər.

DİGƏR Xəbərlər Arxiv