YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan demokratik ölkə imicinə yeni əlavələr edəcək

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Son 20 il Azərbaycanın çoxəsrlik tarixini möhtəşəm uğurlarla zənginləşdirdi. Bu uğurlarımızın ümumiləşdirilmiş ifadəsi olan tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daha da möhkəmlənir, sözünün imzası qədər dəyəri daha aydın görünür.

Təbii ki, bu günün uğurları gələcək üçün böyük stimuldur. Eyni zamanda, yeni hədəflərin müəyyənləşdirilməsində öz sözünü deyir. Bu gün ölkə gündəminin əsas müzakirə mövusu Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsidir.

Cənab İlham Əliyevin “Heydər Əliyev İli” çərçivəsində atdığı hər bir addım 2003-cü ildə ilk dəfə Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində verdiyi vədlərin icrası ilə bağlı hesabatı kimi dəyərləndirilir. Dövlətimizin başçısı həmin andiçmə mərasimində belə bir müraciət etmişdir: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.”

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev verdiyi vədlərə tam əməl etdi. Bu gün Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünya birliyinin fəal üzvünə çevrilib. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. İqtisadi müstəqillik Azərbaycanın siyasi müstəqilliyini şərtləndirdi. Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi, ən əsası Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu Azərbaycan Ordusunun döyüş meydanında qələbəsinə yol açdı. Azərbaycan dünyaya sübut etdi ki, beynəlxalq hüququn norma və prinsipləri mövcuddur və onların icrası üçün vahid mexanizm olmalıdır. Bu Qələbə dünyanın yeni xarici siyasətinin formalaşmasında, yeni reallıqların yaradılmasında əhəmiyyətli rol oynadı.  

Dövlət başçısı İlham Əliyev tarixi ədalətə söykənən siyasəti, qətiyyəti sayəsində postmünaqişə dövründə də Azərbaycanın tarixini zəfər səhifələri ilə zənginləşdirdi. Bu ilin 19 sentyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin edildi. Bu gün böyük qürur hisssi ilə qeyd edirik ki, qalibiyyət rəmzi olan üçrəngli bayrağımız  Xankəndində, Şuşada, Xocalıda, Ağdərədə, Xocavənddə, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda  dalğalanr.

Növbədənkənar prezident seçkiləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Ölkəmizdə bütün uğurların əsasında xalq-Prezident birliyi, həmrəyliyi dayanır. Cənab İlham Əliyev daim bu çağırışı edir ki, vətəndaş məmnunluğunun artırılması dövlət siyasətinin əsasıdır. Bugünümüzün reallıqları, eyni zamanda, cənab İlham Əliyevin Prezident kimi ilk müsahibəsində verdiyi “Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacam” vədinin təsdiqidir. Milyonların sevgisini qazanan Prezidentin ölkədə keçirilən seçkilərdə qələbəsi şəksizdir. Son 20 ildə ölkəmizdə keçirilən prezident seçkilərində qələbəsini daim təsdiqləyən cənab İlham Əliyevin növbədənkənar prezident seçkiləri ilə bağlı məlum Sərəncamı xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Təbii ki, Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün ərazini əhatə edəcək bu seçkilərdə xalq dövlət başçısı İlham Əliyevin ətrafında yumruq kimi birləşərək verdiyi dəstəklə yeni dövrün reallıqlarını özündə əks etdirən yeni hədəflərin uğurlu icrasına doğru inamla addımlayacaq. Qeyd etdiyimiz kimi, tarixə Zəfər seçkiləri kimi yazılacaq bu seçkilərin özəlliyi ondan ibarət olacaq ki, 30 il əvvəl öz doğma yurd-yuvalarından  didərgin düşmüş soydaşlarımızın bir qismi daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında səs verəcəklər. Soydaşlarımızın son üç ildə qayıdış ünvanlarının sayı daha da artır. Xalqımız tam əmindir ki, 3 il bundan əvvəl bütün dünyaya nümayiş olunan milli həmrəylik və birlik 2024-cü ilin 7 fevralında da bütöv, qalib Azərbaycanın minlərlə məntəqələrində təkrarlanacaq. Azərbaycan demokratik ölkə kimi qazandığı imicə yeni əlavələr edəcək.