YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh üçün ilk şərt

Prezident İlham Əliyevin ADA Universitetindəki forumda səsləndirdiyi fikirlər Türkiyə mediasında geniş işıqlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirdiyi fikirlər Türkiyə mətbuatında geniş işıqlandırılıb.

Anadolu Agentliyinin “Azərbaycan Prezidenti Əliyev Qərbin ölkəsinə münasibətini tənqid etdi” başlıqlı yazısında Prezidentimizin çıxışına geniş yer verib. Yazıda dövlətimizin başçısının “Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda qeyri-real fikir formalaşdırırlar”, “Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Qarabağı işğal edə bilər. Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin nəticəsi insanlar və onların ruhu sayəsində həll edilir. Hətta İkinci Qarabağ müharibəsindən sonra Ermənistan özü bəyan etdi ki, müharibə zamanı onların 12 min dezertiri, fərarisi olub. Yəni, onlar Azərbaycan qarşısında tab gətirə bilməzlər” sitatları yer alıb.

“Hurriyet.com” saytının “Sülh anlaşmasının əsas maddələri hazırlanıb Ermənistana göndərildi” sərlövhəli yazısında da Prezident İlham Əliyevin fikirləri əks olunub. Yazıda dövlətimizin başçısının fikirlərinə istinadla bildirilib ki, Azərbaycan iki il yarım bundan əvvəl suverenliyini bərpa etdikdə, Qarabağda böyük həcmdə çoxsaylı erməni kontingenti vardı və onlar heç bir beynəlxalq hüququn prinsiplərinə məhəl qoymurdular. Daha sonra Prezident İlham Əliyevin bu fikirlərindən sitat gətirilib: “Biz ümid edirdik ki, bu məsələ öz həllini tapacaq. Biz dərk edirdik ki, bu, anormal vəziyyətdir və İkinci Qarabağ müharibəsi bitəndən sonra bizim mövqeyimiz aydın idi. Qarabağda yaşayan insanların iki seçimi var - onlar ya Azərbaycan vətəndaşları olurlar və onların bütün hüquqi çərçivələri yaradılır və ya yaşayış üçün digər yerləri seçirlər. Bunun başqa yolu yox idi”.

“Haber 16” saytı isə “Əliyev: Sülh müqaviləsinin prinsipləri tərtib edilib Ermənistana göndərilib” başlıqlı yazıda Prezident İlham Əliyevin çıxışından belə bir sitat gətirib: “Beş məlum prinsip açıqlandı. İndi görünür ki, Ermənistan bunları qəbul etməyə yaxındır. Onlar bunu baza kimi götürə bilərlər. Bunu bir neçə il əvvəl etsəydilər, əlbəttə ki, antiterror əməliyyatına ehtiyac qalmazdı. Bu, tarixdir və onu göstərir ki, sülhü təşviq edən tərəf məhz Azərbaycan idi, Ermənistan deyil”.

“Haber Global” media qurumunun “Əliyevdən sülh prosesi açıqlaması: Konkret nəticələr üçün dialoqa hazırıq” sərlövhəli geniş yazısı “Ermənistan bölgədə nəqliyyat dəhlizlərinin dirçəldilməsindən yayınır”, “Qarabağı tərk edən ermənilər evlərinə qayıda bilərlər” kimi yarımbaşlıqlarla verilib.

Yazıda Prezident İlham Əliyevin “Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır. Çünki biz bilirik Ermənistanda nə baş verir. Həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox “müşavirləri” var” kimi fikirləri əks olunub.

“Aydınlık” saytının “Əliyev açıqladı: Sülh sazişində son vəziyyət necədir?” başlıqlı məqaləsi isə “Bölgəyə sülhü gətirdik”, “Ermənilər üçün lazımi şərtlər yaradılır”, “Ermənistana əlimiz uzatdıq” kimi yarımbaşlıqlarla verilib. Yazıda Prezident İlham Əliyevin “Ermənistanın hazırda iki variantı var. Birincisi, öz xərcləri, yaxud da Avropa fondlarının pulu ilə dərhal 42 kilometrlik məsafədə dəmir yolu çəksinlər. Biz bunu, əslində, onların suveren ərazisi hesab edirik və suverenliklə bağlı bizim şərtimiz yoxdur. Lakin Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır. Bununla bağlı hansısa gömrük yığımı, yoxlamalar, sərhədçilərin prosedurları olmalı deyil. Bu, bizim legitim hüququmuzdur” - kimi fikirləri geniş yer alıb.

“Ermənistan hökuməti xaotik olaraq bir qütbdən digər qütbə gedir. Onlar hesab edirlər ki, bununla xilas olunacaqlar. Bu, belə deyil. Onlar, sadəcə, digər böyük qardaşı qazanacaqlar. Bu böyük qardaş əvvəlki qardaşdan yaxşı olacaq? Səmimi olaraq deyək ki, bu, belə deyil. O uzaqdadır, bölgəyə o qədər də bağlı olan qardaş deyil və özünün siyasi, bəlkə də şəxsi ambisiyalarının, ideyalarının dalınca gedir. Ən azı Ermənistan öz tərəfindən iradəsini bildirməlidir. Bu, sülh üçün ilk şərtdir”. Prezident İlham Əliyevin bu fikirləri isə “En son haber” saytında işıqlandırılıb.