YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev ideyaları işığında müasir Azərbaycan təhsili”

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibəti ilə Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatı və təşkilatın Təhsil sektoru ərazi partiya təşkilatı tərəfindən “Heydər Əliyev ideyaları işığında müasir Azərbaycan təhsili” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbirdə çıxış edən YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev Ümummilli Lider Heydər Əliyevin müasir dünya tarixində parlaq və silinməz izlər qoymuş dövlət xadimi və tarix yazan müdrik şəxsiyyət kimi yaddaşlara həkk olmasından, Dahi rəhbərin ölkəmizin müstəqilliyinin qorunub saxlanılması, demokratik dəyərlərin formalaşması, milli-mədəni irsimizin təbliği, o cümlədən təhsilin inkişafı istiqamətində əvəzsiz xidmətlərindən bəhs etdi. Qeyd olundu ki, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir və qüdrətli Azərbaycan Respublikası hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edərək siyasi sabitliyini və iqtisadi qüdrətini artırır, beynəlxalq aləmdə nüfuzunu gücləndirir, regionda və dünyada etibarlı tərəfdaş kimi mövqeyini davamlı şəkildə möhkəmləndirir, milli maraqlara əsaslanan müstəqil siyasət kursunu inamla həyata keçirir, əldə olunan nailiyyətlər isə dövlətçilik ənənələrinin daha da zənginləşdirilməsinə xidmət edir. Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında formalaşan, cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən, ölkəmizin möhtəşəm uğurlara imza atmasına xüsusi töhfələr verən Yeni Azərbaycan Partiyasının Azərbaycan təhsilinin inkişafına dəstəyi danılmaz faktdır. Təhsillə bağlı bir sıra layihələrin müəllifi olan Yeni Azərbaycan Partiyası insan kapitalının inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyən edərək, müasir təhsil sisteminin qurulmasına, innovativ yanaşmaların tətbiqinə və gənclərin bilik və bacarıqlarının artırılmasına yönəlmiş mühüm təşəbbüslərlə çıxış edir, bu sahədə həyata keçirilən dövlət siyasətinə öz dəstəyini göstərərək ölkəmizin tərəqqisinə xidmət edir.

Tədbirdə çıxış edən Zərdab rayonu üzrə təhsil sektorunun müdiri Gülağa İsgəndərov bildirdi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının bu sahədə imzaladığı sərəncamlar və təsdiq etdiyi proqramlar təhsil sisteminin daha da təkmilləşdirilməsinə geniş imkanlar açır, həyata keçirilən məqsədyönlü tədbirlər bu sahədə yeni mərhələnin formalaşmasına, mühüm nailiyyətlərin əldə olunmasını təmin edir. Ölkəmizdə müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, yeni tədris metodlarının tətbiqi və rəqəmsal texnologiyaların təhsilə inteqrasiyası sahəsində həyata keçirilən tədbirlər şagirdlərin daha keyfiyyətli təhsil almasına geniş imkanlar yaradır.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Zərdab rayon Komitəsinin sədri Aqil Məmmədov çıxış edərək qeyd etdi ki, həyata keçirilən məqsədyönlü siyasət və islahatlar nəticəsində ölkəmizdə təhsil sistemi sürətlə yenilənir, müasir tələblərə uyğunlaşdırılır və keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Yeni məktəblərin tikilməsi, mövcud təhsil müəssisələrinin əsaslı təmiri, onların müasir avadanlıqlarla təmin olunması təhsil infrastrukturunun gücləndirilməsinə xidmət edir.

Daha sonra Zərdab rayon Körpükənd kənd tam orta məktəbinin direktoru Rüxsarə Eminova, Dəliquşçu kənd tam orta məktəbinin müəllimi Səmrəxanım Zeynalova çıxış edərək diqqətə çatdırdılar ki, təhsil sisteminin inkişafı ölkənin ümumi tərəqqisinin əsas dayaqlarından biridir və bu inkişafın davamlı olması Azərbaycanın gələcək uğurlarının əsas təminatına çevrilir.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyatı və tarixi fəaliyyətlərinə həsr edilmiş videoçarx nümayiş olundu, Yeni Azərbaycan Partiyası sıralarına daxil olan şəxslərə vəsiqələr təqdim edildi.