YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın hər bir təşəbbüsü beynəlxalq dəstək qazanır

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Noyabrın 24-də Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi. 1998-ci ildə BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Proqrama üzv olan ölkələr Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Əfqanıstandır. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.

Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında bu məqamlara xüsusi diqqət yönəltdi ki, bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümüdür. Hazırda Azərbaycan SPECA-ya sədrlik edir. İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsünə dəstək verdikləri üçün Mərkəzi Asiya ölkələrinin rəhbərlərinə təşəkkürünü bildirən cənab İlham Əliyev vurğuladı ki, bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir.

Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyevin dəvəti ilə Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak etdilər. Cənab İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq.

Ölkə Prezidentinin çıxışında müstəqil siyasətimizin uğurları xüsusi qeyd edildi. İqtisadi müstəqilliyimiz təmin edilib. Azərbaycan dayanıqlı iqtisadi inkişafı ilə daim dünyanın diqqətindədir. Bu fikir hər zaman önə çəkilir ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heç də həmin ölkələrə uğur gətirməyib. Əhali arasında təbəqələşmə prosesi gedib. Azərbaycanın iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsi əsasında müəyyənləşdirməsi bu kimi problemləri yaşamamasını şərtləndirdi. Neft gəlirlərinin təyinatı üzrə xərclənməsi, ədalət prinsipi əsasında bölgüsü əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılmasını təmin edir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün də ölkəmizə davamlı uğurlar qazandırır. İqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Dövlət başçısı İlham Əliyev 2003-cü ildə belə bir çağırışı səsləndirdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Regional inkişaf proqramlarının uğurlu icrası sosial iqtisadi göstəricilərdə də öz əksini tapır. İşsizlik probleminin həlli prioritetdir. Özünəməşğulluq proqramı icra edilir. Bu gün böyük əminliklə qeyd edirik ki, hazırda neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da dünyanın diqqətindədir. Azərbaycanın investisiya cəlbediciliyinin qorunmasında bu faktor əsasdır. Cənab İlham Əliyev Zirvə görüşündə bu rəqəmi diqqətə çatdırdı ki, ölkə iqtisadiyyatına son 20 ildə 310 milyard dollar investisiya yatırılıb ki, bunun da 200 milyar dolları qeyri-neft sektorunun payına düşür.

Dövlət başçısı İlham Əliyev Azərbaycanın müstəqil siyasətinin uğurları fonunda bu reallığı da xüsusi vurğuladı ki, dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar.

Azərbaycanla region dövlətləri arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri  qarşılıqlı ticarət və sərmayə qoyuluşlarıdır. Bu iki istiqamət üzrə göstəricilərdə davamlı artım müşahidə olunur. Belə ki, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb.

Mərkəzi Asiya dövlətlərinin Avropa ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün tranzit ölkə olaraq Azərbaycanı seçməsi iqtisadi amillərlə yanaşı, həm də siyasi, təhlükəsizlik məsələləri ilə bağlıdır. Azərbaycan tarixi Zəfəri ilə yeni reallıqlar yaradıb. Hazırkı dövrün əsas çağırışı regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır. Cənab İlham Əliyev Zirvə görüşündə bu reallıqlar barədə bir daha ətraflı məlumat verdi. Bildirdi ki, Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanı məğlub etdi və işğala son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış dörd qətnaməsinin icrasını özümüz təmin etdik. Bu il sentyabrın 19-20-də Qarabağda keçirdiyimiz lokal antiterror tədbirləri nəticəsində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik və Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyduq. Bu tarixi Qələbə münasibətilə Azərbaycanı təbrik edən bütün ölkələrə təşəkkür edirik.

Zirvə görüşü belə bir ümumiləşdirməyə əsas verdi ki, ölkəmizin dünya birliyində yeri və rolu, etibarlı tərəfdaş kimi nüfuz qazanması, dost ölkələrlə əməkdaşlığa açıq olması, bir sözlə, müstəqil siyasətinin uğurları sözünün imzası qədər dəyərini artırır, hər bir təşəbbüsünün, qərarının beynəlxalq dəstək qazanmasında əhəmiyyətli rol oynayır.

DİGƏR Xəbərlər Arxiv