YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əsas çağırış səylərin birləşdirilməsidir

Samir Qocayev

YAP Goraboy rayon təşkilatının sədri

Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi malik olduğu imkanlarla yanaşı, beynəlxalq nüfuzunun təqdimatıdır. Noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü hər bir ölkənin həyatında iqtisadi tərəqqinin roluna bir daha aydınlıq gətirdi. Bununla bərabər təsdiq olundu ki, iqtisadi inkişafa nail olmaq üçün sabitlik əsasdır. Reallıq budur ki, bu gün Azərbaycanın sabitlik diyarı kimi nüfuz qazanması beynəlxalq tədbirlərə ev sahibliyində də əhəmiyyətli rola malikdir.

Dövlət başçısı İlham Əliyev SPECA yarananda üzv ölkələrin dövlət müstəqilliyinin ilk addımlarını atdıqlarını önə çəkərək bildirdi ki, qarşımızda bir çox problemlər, çağırışlar dayanmışdı. Son 25 ildə əsas çağırışlar arxada qalıb. Dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Ölkələrimizi birləşdirən daha bir amil  siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bugünkü reallıqlarımızda da öz təsdiqini tapır. İqtisadiyyatın inkişafında neft amilinə önəm verməklə bugünkü uğurlara yol açan Ümummilli Lider onu da bildirmişdir ki, sabitlik olmasa heç bir sosial-iqtisadi layihənin icrasından söhbət gedə bilməz. Onun yaratdığı möhkəm təməl 2003-cü ildən bu günədək ölkəmizin davamlı uğurlarını şərtləndirir. Prezident İlham Əliyevin təkmil islahatları, neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sekorunun inkişafı istiqamətində atdığı addımlar, iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması son 20 ilin sosial-iqtisadi göstəricilərində özünün aydın ifadəsini tapır. Belə ki, bu illər ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə, büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Ölkəmizin birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir. Yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür.

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan dövlətlər, xalqlar arasında körpü roluna yeni-yeni əlavələr edir. Azərbaycanın malik olduğu nəqliyyat və tranzit imkanları bu rolunu daha da möhkəmləndirir. Dövlət başçısı İlham Əliyev sözügedən Zirvə görüşündə onu da vurğulamışdı ki, son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub. Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

Azərbaycanın nəqliyyat və tranzit imkanları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da xüsusi qeyd edilir. Son üç ildə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinə də diqqət yetirsək görərik ki, nəqliyyat infrastrukturunun bərpası və yenilənməsi prioritetdir. Beynəlxaq status qazanan hava limanlarının bu torpaqlarda inşası həmin ərazilərin coğrafi mövqeyinin təqdimatında öz sözünü deyir. Azad Qarabağ və Şərqi Zəngəzur hava qapılarını dünyaya açıb. Artıq Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilib, Laçın Beynəlxalq Hava Limanının isə tikintisi davam edir.

Hər bir beynəlxalq əhəmiyyətli tədbir Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında öz sözünü deyir. Bu baxımdan SPECA-nın Zirvə görüşü xüsusi diqqət çəkdi. Cənab İlham Əliyev 30 illik işğal və postmünaqişə dövrünün reallıqları barədə geniş məlumat verdi. Azərbaycanın ədalətin və beynəlxalq hüququn yanında olduğu, atdığı hər bir addımında bu prinsipləri öndə saxladığı bir daha diqqətə çatdırıldı.

Ümumilikdə Zirvə görüşü SPECA-ya üzv dövlətlərin gələcək əməkdaşlığı üçün geniş imkanlar açdı. Tədbirin sonunda imzalanan Bakı Bəyannaməsində qarşıdakı dövrün hədəfləri və onlara çatmaq yolları öz əksini tapıb. Əsas çağırış yenə də səylərin birləşdirilməsidir.

DİGƏR Xəbərlər Arxiv