YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Düşmənə verilən Böyük dərs

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

44 günlük vətən müharibəsi... Bu tarixi zəfər təkcə Azərbaycan xalqının 30 illik işğal altında qalan əzəli torpaqlarının azadlığa qovuşması tarixi deyil. Bu tarixi zəfər, həm də qüdrətli Azərbaycan ordusunun dünya hərb tarixinə qızıl hərflərlə həkk edilən döyüş dastanıdır. Vətən müharibəsinin ən kritik mərhələsi – Şuşanın azad olunması üçün aparılan qanlı əməliyyat dünyanın ən güclü ordulara sahib olan fövqəldövlətlərinin heyrətinə səbəb olmuşdu. Almaniya, ABŞ, İngiltərə mediası Şuşa əməliyyatı barədə yazırdı. Ordumuzun Şuşa zəfəri Avropanın aparıcı hərbi institutlarında, tətqiqat mərkəzlərində öyrənilirdi. Bəli, öz xalqının iradəsi ilə əzəli torpaqlarını erməni faşizmindən qurtarmaq üçün cəngəvar kimi döyüşən əzəmətli Azərbaycan Ordusu dünya hərb tarixinə Şuşa dərsini yazdı.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında tarixi qələbəmizə diqqət çəkərək, Şuşa zəfəri barədə danışıb: “Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulyasiyaya hazır idi və bir gün sonra kapitulyasiya aktına imza atdı, biz də müharibəni dayandırdıq. O vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi və bu gün bizim, bax, burada - Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu göstərir ki, nə qədər düzgün, müdrik addım idi.”
Şuşanın işğaldan azad edilməsi əməliyyatı gerçəkdən heyratamiz idi. Demək olar ki, yüngül silahlarla dərələrdən, meşələrdən, sıldırım qayalardan, dağlardan keçən şücaətli Azərbaycan əsgəri əlbəyaxa döyüşdə düşməni məhv etdi. Təsəvvür edin: Azərbaycan əsgəri artileriyyasız, sadəcə bıçaqla əlbəyaxa döyüşə girir, düşmənin 30 illik möhkəmlənmiş səngərlərini yerlə yeksan edir. Bu döyüş Qarabağın tacı olan Şuşanın azadlığı üçün aparılan tarixi döyüş idi. Şuşa döyüşü bir dövlət olaraq bizim əzəmətimizi, gücümüzü, əsgərimizin qorxmazlığını təkcə düşmənə deyil, onların dünyadakı havadarlarına da göstərmiş oldu. Şuşa şəhidlərimizin qanı bahasına, kişiliyi, qorxmazlığı bahasına bir neçə saatda yağı düşməndən azad olundu.
Nəhayət, 2020-ci ilin noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər bir azərbaycanlı üçün müqəddəs sayılan bir məkandan - Şəhidlər xiyabanından Şuşanın işğaldan azad edilməsi ilə bağlı xoş müjdəni xalqımıza çatdırdı. Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində tarixi çıxış etdi. 8 Noyabr tarixində həmin gün Prezident İlham Əliyev ata vəsiyyətinə əməl etdiyini və Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini bizlərə verdi: “Sən azadsan əziz ŞUŞA!”. Müharibənin davam etdiyi 44 gün ərzində işğalda qalmış torpaqlarımızın düşməndən azad olunması müjdəsini dövlət başçısından eşidən xalqımız Şuşanın azad olunmasını xüsusi təntənə ilə qeyd etdi. Dövlətimizin başçısının hələ müharibənin gedişi zamanı Şuşasız bizim işimiz yarımçıq qalar deməsi, əslində, Şuşa şəhərinin timsalında bütün işğal olunmuş ərazilərimizin azad olunacağının anonsu idi. Məhz Qarabağın tacı sayılan, həm relyef həm də coğrafi cəhətdən alınmaz qala sayılan Şuşanın düşmən işğalından azad olunması xüsusi peşəkarlıq tələb edirdi.
Bəli, Şuşanın geri qaytarılması Vətən müharibəsində qələbənin əldə olunmasında həlledici rol oynadı. Onun azad olunması əməliyyatı da Böyük Vətən müharibəmizin zirvə nöqtəsidir. Şuşa döyüşünə qədər Ordumuzun qələbələrini inkişaf etmiş texnologiyalardan, döyüş vasitələrindən istifadə ilə bağlayırdılarsa, bu tarixi şəhər uğrunda gedən döyüş ilk növbədə hərbçilərimizin yüksək döyüş qabiliyyətinə malik olduğunu da danılmaz fakt olaraq ortaya qoydu. Mövqelərini qoyub qaçan, bir-birini güllələyən erməni faşistləri bu əzəmətin bariz nümunəsidir. 30 illik işğala son qoymaq, öz doğma xalqına qələbə sevinci bəxş etmək istəyən Azərbaycan oğullarının igidlik dastanıdır, Şuşa əməliyyatı.
Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, “Şuşa əməliyyatı, təbii ki, 44 günlük Vətən müharibəsi dövründə xüsusi yerə malikdir. Çünki çox çətin coğrafi vəziyyətdə yerləşən, alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad etmək böyük güc, peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan övladları bunu göstərmişlər”. Bu fikirlər Ali Baş Komandanın Azərbaycan əsgərinin böyük qəhrəmanlıq mübarizəsinə verdiyi tarixi qiymətdir.
Bir sözlə, Ali Baş Komandanımız, Prezident İlham Əliyev 8 Noyabr- Zəfər günündə Xankəndidə hərbi parad keçirməsi regionda sabitliyə maneə olmaq istəyən qüvvələrə önəmli bir mesaj olmaqla bir daha dünyaya  nümayiş etdirdi ki, Qarabağ Azərbaycandır!. Və Ermənistan rəhbərliyi də əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o zaman Qalib, Müzəffər Azərbaycan Ordusunu gözləri önünə gətirməlidirlər. Heç bir qüvvə bizi təhdid edə bilməz! Və sülh müqaviləsini imzalamalı və sülhün qarşısında əngəl olmamalıdır. Əks təqdirdə dövlətimizin başçısının təbirincə desək “Dəmir yumruq” yerindədir.