YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leyla Əliyeva: Heydər Əliyev Fondunun layihələri həmişə böyük uğurla həyata keçirilib

«Heydər Əliyev Fondunun fəaliyyət spektri həqiqətən geniş və müxtəlifdir. Biz ən müxtəlif istiqamətlərdə - xeyriyyəçilik, təhsil, ekologiya, həmçinin mədəniyyət, incəsənət, səhiyyə, idman və İKT sahələrinin inkişafına yönəlmiş bir çox layihələri uğurla həyata keçiririk. Əksər layihələr mənim üçün xüsusi qürur mənbəyidir. Bu, bu və ya digər sahənin inkişafına köklü şəkildə təsir edən yeni təşəbbüslərin irəli sürülməsindən duyulan qürurdur. Çox vaxt biz layihəni başlayırıq, sonradan dövlət bu təşəbbüsümüzü dəstəkləyir». Bu fikirləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva «Trend» informasiya agentliyinə müsahibəsində deyib.

Leyla Əliyeva bildirib ki, Azərbaycanı xaricdə layiqincə təmsil etdiyimiz, mədəniyyətlərarası dialoqun genişlənməsinə töhfə verdiyimiz və tolerantlıq ənənələrini qoruyub saxladığımız üçün fəxr edirik. Venesiya Biennalesində bütün qonaqlar və turistlərin məhz Azərbaycanın pavilyonu ilə maraqlandığını, bütün Venesiyanın bizim pavilyondan danışdığını gördüyümdə təsvirolunmaz sevinc və qürur hissi yaşadım. Onun sözlərinə görə, sosial cəhətdən həssas vətəndaş qruplarına – fiziki əngəlli insanlara, kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlara yönəlmiş layihələr mənim üçün xüsusi əhəmiyyət daşıyır. “Uşaq evlərinin və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində Fond tərəfindən 32 uşaq müəssisəsi yeni avadanlıqla təchiz olunub və əsaslı surətdə təmir edilib. Həmin uşaqların beynəlxalq müsabiqələrdə iştirakını təmin edirik, effektiv istirahət və əyləncə təşkil etmək məqsədilə onları xaricə tətilə göndəririk. Həmçinin başqa ölkələrdə belə müəssisələrdə tərbiyə alan uşaqlara Azərbaycana gəlmək və ölkəmizlə tanış olmaq imkanı yaradırıq.

«Fondun səhiyyə sahəsində göstərdiyi fəaliyyət mənim üçün çox əhəmiyyətlidir. Artıq bir neçə ildir ki, diabetdən əziyyət çəkən 14 yaşına kimi uşaqları müntəzəm şəkildə lazımi insulin miqdarı ilə təmin edirik, onlar üçün yay düşərgələri təşkil edirik. Heydər Əliyev Fondu tərəfindən Uşaq Psixonevroloji Mərkəzi, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzi də daxil olmaqla, ixtisaslaşdırılmış tibb müəssisələri inşa edilib. Talassemiya problemi məni daha çox narahat edir. Azərbaycan talassemiyanın geniş yayıldığı ölkələr sırasındadır. Hər il respublikamızda bu diaqnozla 200-dən çox uşaq dünyaya gəlir. Problemin ciddiliyini nəzərə alaraq, Heydər Əliyev Fondu 2005-ci ildə “Talassemiyasız həyat naminə” layihəsinin reallaşdırılmasına başladı. Bu layihə çərçivəsində regionda ən böyük Talassemiya Mərkəzi inşa etdik. Bu mərkəzdə Azərbaycanda ilk dəfə olaraq onurğa beyninin köçürülmə əməliyyatları keçirilir. Yaxın gələcəkdə Azərbaycanda talassemiyanın aradan qaldırılması üzrə daha böyük miqyaslı proqramların həyata keçirilməsi planlaşdırılır.

Ümumiyyətlə, bütün layihələr mənim üçün eyni dərəcədə əhəmiyyətli və vacibdir. Hər yeni layihə cəmiyyətin həyatına qoşulmaq, sosial əhəmiyyətli ideyaların dəstəklənməsi deməkdir. Ona görə biz insanlara daha çox faydalı ola biləcək sahələri seçirik. Qeyd etmək istərdim ki, Heydər Əliyev Fondunun layihələri həmişə böyük uğurla həyata keçirilib. Sanki xeyriyyə layihələrinin reallaşdırılmasında xeyirxah qüvvələr bizə kömək edirlər»-deyə, Leyla Əliyeva vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv