YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sözdə deyil, əməldə təsdiqini tapan dostluq

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Azərbaycan-Gürcüstan münasibətləri möhkəm təməl üzərində uğurla inkişaf edir. Oktyabrın 8-də Prezident İlham Əliyevin qardaş Gürcüstana sayca 11-ci səfəri əlaqələrimizin hazırkı inkişaf səviyyəsinin təqdimatı oldu. Dövlət başçımız bildirdi ki, əsrlər boyu  xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu, belədir. Bu, həm ölkələrimiz üçün vacibdir, eyni zamanda, bölgə üçün, o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti əsasında gerçəkləşən səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində duran aktual məsələlər müzakirə edildi. İki qardaş ölkənin liderləri mətbuata bəyanatlarında qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələrinin  ötən illər ərzində dinamik inkişaf etdiyini önə çəkərək bildirdilər ki, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Ümummilli Lider Heydər Əliyevin və  Eduard Şevardnadzenin dostluq münasibətləri bu əlaqələri inkişaf etdirməyə əhəmiyyətli təkan verib. Cənab İlham Əliyev bu dostluğun tarixindən bəhs edərək bildirdi ki, Sovet dövründə onlar bir-birilə sıx təmasda idilər və o vaxt sovet Gürcüstanının, sovet Azərbaycanının rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişdilər. Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı,  cəsarəti və  xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Tale elə gətirdi ki, onlar təxminən eyni vaxtda müstəqil Gürcüstana və müstəqil Azərbaycana rəhbərlik etməyə başladılar: “Xalqlarımız üçün ən ağır dövrdə, - o acı və ağrılı günləri biz xatırlayırıq, - məhz onların liderliyi sayəsində həm Gürcüstan, həm Azərbaycan inamla müstəqilliyə doğru addımlamağa başlamışdır. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır.” Ölkə Prezidenti İlham Əliyev  Gürcüstanın hazırkı inkişafından böyük sevinc hissi keçirdiyini də bildirdi. “Mən Gürcüstana tez-tez gəlirəm və hər dəfə gələndə Gürcüstanın yeni bir guşəsi ilə tanış oluram. Hər dəfə həm Gürcüstanın gözəl təbiətinə bir daha heyran oluram, eyni zamanda, Gürcüstanda gedən tərəqqi prosesinə də çox böyük maraqla baxıram və sevinirəm” söyləyən dövlətimizin başçısı əlavə etdi ki,  Baş nazirin rəhbərliyi ilə Gürcüstan inamla inkişaf edir, Gürcüstanda ictimai-siyasi sabitlik tam bərqərar olunub. Bu sabitliyin mənbəyi Gürcüstanda yaşayan vətəndaşların hökumətə olan dəstəyidir. Bu sabitlik və hökumətin aydın gələcəyə yönəlmiş baxışları imkan verir ki, bir çox önəmli layihələr icra edilsin, iqtisadiyyat artsın, infrastruktur layihələri icra olunsun və insanların rifah halı ildən-ilə yaxşılaşsın. Gürcüstanın dostu kimi buna ürəkdən sevinirik.

Dövlət başçısı İlham Əliyevin hər bir səfəri Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayır. Gürcüstan səfəri də bu baxımdan diqqətçəkən oldu. Cənab İlham Əliyev tarixi Zəfərimizdən, onun yaratdığı reallıqlardan geniş bəhs etdi. Bildirdi ki, regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana sülh müqaviləsinin imzalanması təklif edilib. “Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb” söyləyən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır.

Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü,  keçən ay isə  bütün ölkə üzrə suverenliyini bərpa etmişdir. İndi isə  Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal iş aparılır.  Dövlət başçısı belə bir əminliyi ifadə etdi:  “Əgər biz buna nail olsaq, - mən buna ümidliyəm, - o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, bütün bunlar, mümkündür... İndi məqam gəlib çatıb və hesab edirəm ki, bu şansı əldən vermək böyük səhv olar.”

Gürcüstanın Baş naziri bu məsələdə ölkəsinin vasitəçilik etməyə hazır olduğunu vurğuladı  və bu çağırışı diqqətə çatdırdı ki, istənilən dostluq formatını təqdim etməyə hazırıq. Bizim gələcəyimiz dinc, sabit olmalıdır və Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidir.

Göründüyü kimi, iki qardaş ölkə münasibətlərin inkişafı, regional əməkdaşlığın daha da genişləndirilməsi üçün bölgədə dayanıqlı sülhün təmin olunması istiqamətində zəruri olan bütün addımları atmaqda maraqlıdır. Təbii ki, bu, dostluğumuzun, qardaşılığımızın sözdə deyil, əməldə təsdiqinin təqdimatıdır.