YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığın coğrafiyasının genişlənməsində maraqlıyıq

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyev 2003-cü  ildən bu hədəfi açıqladı ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. “Neft kapitalını insan kapitalına çevirək!” tezisinə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi istiqamətində davamlı addımlar atılır. Davamlı inkişafa yol açan əsas amillərdən biri məhz yeni texnologiyaların inkişafı və tətbiqidir. Hər zaman qeyd olunduğu kimi, iqtisadiyyatın inkişafı elmin və yeni texnologiyaların inkişafı ilə zəncirvari bağlıdır. İKT son illər sürətlə inkişaf edərək iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilmiş, ölkənin iqtisadi, sosial və mədəni inkişafına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və bütövlükdə ictimai həyatın demokratikləşməsinə mühüm töhfələr verir. Ölkə əhalisinin 85 faizdən çoxu internet istifadəçisidir. Bu göstəricilərə görə Azərbaycan MDB və Mərkəzi Asiyada liderdir. Azərbaycanın müasir texnologiyaların inkişafı və tətbiqi sahəsində qazandığı uğurlar beynəlxalq qurumların hesabatlarında liderliyini qorumasında əhəmiyyətli rol oynayır. Belə ki, Dünya Bankının hesabatlarında Azərbaycan ən islahatçı ölkə kimi qərarlaşır.

Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafına diqqətin bariz nümunəsi dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları İli” elan edilməsi, həmin ilin fevralında Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması oldu. Artıq 3 peykimiz var. Ölkəmiz kosmik klubun fəal üzvü kimi diqqətdədir.

Ölkəmizin 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi texnoloji sahədə qazandığımız uğurların fonunda yeni hədəflərin müəyyənləşdirilməsinə yol açdı. Reallıq budur ki, Azərbaycanda müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilib. Ötən illərdə hərtərəfli dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılmış, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılmış, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılmış və peyk xidmətlərinin ixracına başlanılıb. Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstək verir. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanıb.

Dövlət başçısı İlham Əliyev Konqresdəki çıxışında bildirdi ki, Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcək. Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir. Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Dördüncü ildir ki, ölkəmiz  BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata - Qoşulmama Hərəkatına sədrlik edir və belə bir təşkilata sədrlik etmək şərəfinə  120 dövlətin yekdil qərarı ilə layiq görülüb.  Bu,  Azərbaycanın geniş beynəlxalq dəstəyə malik olmasının göstəricisidir. Azərbaycanın  Avropa institutları ilə də əməkdaşlığı uğurla inkişaf edir. Belə ki, Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb.

Ümumilikdə ölkəmizin xarici siyasət gündəliyi zəngindir. Təbii ki, bu da ölkəmizin gələcəyə hesablanmış siyasətinin təqdimatıdır. Azərbaycan hər zaman əməkdaşlığın coğrafiyasının genişlənməsində maraqlıdır və yeni əməkdaşlıq formatlarının müəllifi kimi tanınır. Ev sahibliyi etdiyi, həmçinin qatıldığı tədbirlər bu əməkdaşlığa böyük töhfədir.

Cənab İlham Əliyev tədbirdəki çıxışında ölkəmizin uğurlarından bəhs edərək belə bir reallığı da diqqətə çatdırdı ki, müstəqil ölkə olmaq üçün güclü iqtisadiyyat lazımdır. Tədbir iştirakçılarının əksəriyyətinin  Azərbaycana ilk dəfə səfər etdiyini önə çəkən dövlət başçısı diqqəti sosial-iqtisadi göstəricilərə yönəltdi. Bildirmişdir ki, son 20 ildə ümumi daxili məhsul dörd dəfə,  büdcə gəlirlərimiz 30 dəfədən,  xarici ticarət dövriyyəsi on dəfədən çox artıb. Birbaşa xarici borcun həcmi azaldılıb. Hazırda  ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. 2024-cü ilin sonuna qədər onun həcmi ümumi daxili məhsulun təxminən 7-7,5 faizini təşkil edəcək. Azərbaycanın xarici valyuta ehtiyatları birbaşa xarici borcumuzu on dəfə üstələyir: “Başqa sözlə, əgər lazım gələrsə, biz bütün borclarımızı bir neçə ay ərzində ödəyə bilərik. Biz çox müsbət sərmayə mühitini nəinki enerji, o cümlədən digər sektorlarda yaratmışıq. Beləliklə, son 20 il ərzindəki sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılmışdır.”

Azərbaycanın iqtisadi imkanlarının artması digər sahələrdə, o cümlədən yeni texnologiyaların inkişafı və tətbiqi sahəsində uğurlu addımlara yol açır. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, dünyanın texnoloji gündəliyi Azərbaycanda müzakirə edildi.

DİGƏR Xəbərlər Arxiv