YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İki qardaş dövlətin nadir əməkdaşlıq və strateji müttəfiqlik nümunəsi

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri, Prezident İlham Əliyev ilə görüşü zamanı imzalanan sənədlər, ifadə olunan fikirlər, verilən mesajlar həm ölkə, həm də dünya mediasının diqqət mərkəzindədir.

Bu kontekstdə bir neçə məqam xüsusi olaraq diqqəti cəlb edir:

- Dost, qardaş və strateji müttəfiq olan Azərbaycan ilə Türkiyə nadir əməkdaşlıq nümunəsini ortaya qoyurlar. Müxtəlif sahələrdə işbirliyinin genişləndirilməsi istiqamətində atılan addımlar bunun bariz nümunəsidir. Yeri gəlmişkən, İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin etməklə yanaşı, əlaqələrin dərinləşməsini şərtləndirəcək. Digər bir mühüm məqam həm günəş, həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası üçün böyük potensialın olduğu Naxçıvanın “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində görülən işlərdir. Gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində “yaşıl enerji” ixracı mümkün olacaq ki, bu da yeni əməkdaşlıq istiqaməti kimi mühüm əhəmiyyətə malikdir;

- İstər Prezident İlham Əliyevin, istərsə də Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi fikirlər Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığını bir daha sübuta yetirdi. Bu gün həm Azərbaycan, həm də Türkiyə bir-birinin yanında olmaqla - qətiyyətli dəstək ifadə etməklə, ən yüksək səviyyədə olan münasibətləri davamlı inkişaf etdirməklə tarix yazırlar. Unutmamışıq və daim xatırlayacağıq: Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı hərbi-siyasi əsarətdən xilas edərkən qardaş Türkiyə bir daha yanımızda oldu, qətiyyətli mənəvi-siyasi dəstək göstərərək birlik - həmrəylik nümayiş etdirdi. Türkiyə postmüharibə dövründə də Azərbaycanın haqlı və ədalətli mövqeyini beynəlxalq səviyyədə inamla müdafiə edir, regionda və işğaldan azad olunmuş ərazilərdə görülən işlərdə ölkəmizə dəstək nümayiş etdirir. Bu günlərdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında - dünyanın ən ali kürsüsündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan dövlətinin haqlı mövqeyini ifadə edən bəyanatların verilməsi bu baxımdan xüsusi vurğulanmalıdır. Azərbaycan da öz növbəsində milli maraqlara dair prinsipial məsələlərdə Türkiyəyə inamlı və qətiyyətli dəstək verir. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə iki güclü, nüfuzlu dövlətin birgə təşəbbüsləri regionda təhlükəsizlik mühitinin güclənməsinə, əməkdaşlıq imkanlarının genişlənməsinə əvəzsiz töhfədir;

- Yeni reallıqlar fonunda iki ölkənin strateji gündəliyinin mühüm tərkib hissəsi regional əməkdaşlıq və təhlükəsizliklə əlaqədardır. Xüsusilə də, bölgədə kommunikasiyaların bərpası, konkret olaraq Zəngəzur dəhlizinin yaradılması məsələsi ayrıca diqqət mərkəzindədir. Bu, həm ölkəmizin yerləşdiyi regionda, həm də Asiyadan Avropaya doğru geniş məkanda yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Xüsusilə də, yeni kommunikasiya vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə muxtar respublika arasında birbaşa quru əlaqəsinin yaranması həm iqtisadi və siyasi, həm də strateji önəmə malikdir.

Nəticə etibarilə, Azərbaycan ilə Türkiyə regionda yeni geosiyasi nizam yaradırlar. Bu, sülhə, sabitliyə, təhlükəsizliyə və əməkdaşlığa xidmət etməklə ölkələrimizin, dost və tərəfdaş dövlətlərin, həmçinin konstruktiv əməkdaşlıqda maraqlı olan qüvvələrin qarşısında yeni və mühüm perspektivlər açır.

DİGƏR Xəbərlər Arxiv