YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclərin milli ruhda tərbiyəsi milli-mənəvi dəyərlərə əsaslanır

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Hər bir xalq dünyada yetirdiyi şəxsiyyətləri, dahiləri ilə tanınır. Xalqlar onların dühasının işığında keçmişdən gələcəyə doğru inamla addımlayır. Hər bir xalqın təqdimatında milli-mənəvi dəyərləri əhəmiyyətli rol oynayır. Azərbaycan hər zaman zəngin mədəniyyəti, tarixi, ədəbiyyatı, milli-mənəvi dəyərləri ilə dünyanın diqqətindədir. Ölkəmiz əsrlər boyu qədim köklərə malik maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilmişdir. Yaradıcılıqlarında bəşəri ideyaları təbliğ edən Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və sözü ilə dünyanı heyrətləndirən  neçə-neçə söz dühamız tariximizi, mənəvi dəyərlərimizi əks etdirməklə Azərbaycanı  dünyada tanıdan ölməz əsərlər yaratmışlar.

Əsrlər keçsə də bu sənət inciləri nəsildən-nəslə xalqımızı milli mənəvi, eləcə də ümumbəşəri dəyərlər əsasında tərbiyə etmişdir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin çağırışları sırasında bu məqam xüsusi yer tuturdu ki, tariximizi, ədəbiyyatımızı öyrənməli, milli-mənəvi dəyərlərimizi qorumalı və gələcək nəsillərə çatdırmalıyıq. Son 20 ilə yaxın dövrdə Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas tərkib hissələrindən biri məhz azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsidir. Dilimizin saflığının qorunmasına, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına, milli-mənəvi dəyərlərimizin təbliğinə yönələn addımların davamlılığı və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlər mədəni irsin gələcəyinə nikbin baxmağa əsas verir.

Dövlət başçısı İlham Əliyevin Sərəncamları əsasında 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli”, 2019-cu ilin “Nəsimi İli”, 2021-ci İlin “Nizami Gəncəvi İli”, 2022-ci ilin “Şuşa İli”, 2023-cü ilin isə “Heydər Əliyev İli” elan edilməsi Azərbaycanın çoxəsrlik tarixinin ayrı-ayrı mərhələlərinin, o cümlədən mədəniyyətimizin, ədəbiyyatımızın keçdiyi inkişaf yolunun, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində atılan addımların geniş təhlilinə imkanlar yaratdı. Bir daha sübut olunur ki, Azərbaycan xalqı keçmişi ilə qürur duyub gələcəyə böyük inamla addımlamaq xoşbəxtliyinə layiq xalqdır.

Artıq tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyası bərpa-quruculuq işləri həyata keçirilir. 30 illik işğal dövründə mənfur düşmən tarixi və mədəni abidələrimizi yerlə-yeksan etməklə Azərbaycan xalqının izlərini silməyə cəhdlər etsə də bunun mümkünsüzlüyünün şahidinə çevrildi. Danışan ermənilərin yalanları deyil, azad olunan toraqlarımızın hər daşı, qayasıdır.  Bərpa-quruculuq işlərinə ilk olaraq tarixi və dini abidələrimizin bərpasından başlanılması da özündə bütün məqamları ehtiva edir. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bu işlər nəticəsində dağıdılan tarixi, dini abidələrimiz əvvəlki simasına qayıdır.  

Ümumilikdə Azərbaycan mədəniyyətinin, ədəbiyyatının inkişafında, onun dünyaya tanıdılmasında, təbliğində, dünya mədəniyyətinə inteqrasiyasında ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətləri vardır. Məhz onun gərgin əməyi, böyük səylərinin nəticəsidir ki, bu gün Azərbaycan muğamı bəşəriyyətin şifahi və qeyri-maddi sərvətlərinin şah əsərləri siyahısına, Azərbaycan aşıq sənəti, milli bayramımız olan Novruz, xalçaçılıq sənəti, habelə tar ifaçılığı sənəti UNESCO-nun Bəşəriyyətin qeyri-maddi irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.

Həmçinin bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan ədəbiyyatı və elminin inkişafında müstəsna xidmətləri olmuş dəyərli ədiblərimizin yubiley tədbirlərinin UNESCO səviyyəsində qeyd edilməsi, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən dəyərin təzahürüdür.  Qısa təhlil Ümummilli Lider Heydər Əliyevin “Keçmiş əsrlərdə də, XX əsrdə də Azərbaycanın böyük insanları olubdur. Ancaq bu böyük insanların xatirəsini əbədiləşdirmək lazımdır. Gələcək nəsillər onların həyat yolunu, yaradıcılığını, gördükləri işi, yaratdıqlarını daim bilməlidirlər” fikrinin təsdiqidir.