YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı dəstək ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdırır

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri bu gün də ölkə mətbuatında geniş müzakirə edilir. İki qardaş ölkə daim əlaqələrin inkişafı istiqamətində atdıqları addımları ilə diqqətdə olurlar. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir. Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub.

İki qardaş ölkə arasında əlaqələrin inkişafını şərtləndirən önəmli amillər sırasında Pakistanın işğal dövründə və 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana dəstəyi xüsusi vurğulanır. “Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir. Bu isə qardaş ölkə mövqeyidir, buna görə minnətdaram.

Cənab İlham Əliyev Pakistanın Baş nazirinin səfəri çərçivəsində keçirilən görüşlərdə, mətbuata birgə bəyanatlarında postmünaqişə dövrünün reallıqları sırasında Azərbaycanın Ermənistana sülh təklifindən və hazırkı vəziyyətdən geniş bəhs etdi. Bildirdi ki, bu sazişin imzalanmasının perspektivləri var. Sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməli və artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır!

Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcək. Ölkəmiz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdirir. Qarşılıqlı dəstək ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdırır. Azərbaycan xalqı çox yaxşı bilir ki, 44 günlük müharibə dövründə kim ölkəmizlə bir yerdə idi. Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə 44 günlük İkinci Qarabağ müharibəsində sonadək mənəvi və siyasi dəstəyini nümayiş etdirdi.

Tarixi Zəfərimiz əlaqələrimizin yeni istiqamətlər üzrə inkişafında öz sözünü dedi. Belə ki, 2021-ci ilin iyun ayında Azərbaycan və Türkiyənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmiləşdirilməsinin, Şuşa Bəyannaməsinin imzalanmasının ardınca Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri həmin ilin iyul ayında Bakıda bir araya gələrək Bakı Bəyannaməsini imzaladılar. Bu mühüm sənəd dövlətlərarası münasibətlərdə parlamentin roluna bir daha işıq saldı.

Bu gün böyük inamla qeyd edirik ki, iki qardaş ölkə olan Pakistanla Azərbaycan arasında yüksək səviyyəli əlaqələr mövcuddur. Siyasi, iqtisadi, mədəni, enerji, hərbi və hərbi sənaye sahələri üzrə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Pakistanın Baş nazirinin səfəri mövcud əməkdaşlığın və tərəfdaşlığın möhkəmlənməsinə daha bir töhfə olacaq.