YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni reallıqlar yaradan tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir

Məhəmməd Balaqadaşov

YAP Xaçmaz rayon təşkilatının sədri 

XX əsrin  sonu Azərbaycan dövlətinin, xalqının həyatında  taleyüklü bir dövr idi.  Tarixin bu məhələsində baş verən hadisələr Ümummilli Lider  Heydər Əliyevin hakimiyyətə qayıdışını şərtləndirdi. AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-cü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması ölkənin daxilində qardaş qırğınına və vətəndaş müharibəsinə zəmin yaratdı,  Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Məhz Ulu Öndər Heydər Əliyev bu çətinliyi öz üzərinə götürdü.  Siyasi bacarığından və təcrübəsindən istifadə edərək  xilaskarlıq missiyasını uğurla həyata keçirdi,  Azərbaycanı üzləşdiyi faciələrdən, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Bu fikir daim  böyük qürur hissi ilə qeyd edilir ki, dahi şəxsiyyət Heydər Əliyev  Azərbaycanı azərbaycanlılara, azərbaycanlıları isə özünə qaytardı. İstər Azərbaycan tarixində,  istərsə də xalqımızın yaddaşında  Ümummilli Lider  müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, əsl vətəndaş kimi özünəməxsus yer tutub.  Dövlətinə, xalqına bağlılığını atdığı hər bir addımı ilə təsdiqləyən Ulu Öndər Heydər Əliyevin iyunun 9-da Bakıya gəlişi,  qardaş qırğınının qarşısını almaq istiqamətində göstərdiyi səylər də Onun Vətən, xalq sevgisinin aydın ifadəsi idi. 1993-cü ilin iyun ayında baş verən hadisələr qurtuluşa gedən yolun başlanğıcı kimi qəbul olunur.   Ümummilli Lider iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətələrini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycanın Prezidenti seçildi.

Bu qayıdış Azərbaycanın həyatında yeni bir mərhələnin əsası oldu. Ümummilli Lider Heydər Əliyev düşünülmüş və məqsədyönlü  siyasəti nəticəsində Azərbaycanı görmək istədiyi səviyyəyə yüksəltdi. Azərbaycan dünyaya Günəş kimi doğdu. Ulu Öndər, eyni zamanda, belə bir əminliyi ifadə edirdi ki, biz bu çətin günləri keçib gedəcəyik. Müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutacaq. Hər bir Azərbaycan vətəndaşı özünün  bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcək. Bugünümüzün reallıqları dahi şəxsiyyətin bu istəklərinin təsdiqidir.

Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı, müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” söyləyən  Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu. Böyük risklərə baxmayaraq, Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü. Başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. Bugünkü Azərbaycan Ümummilli Lider  Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin təkmil islahatları, yeniliyə əsaslanan siyasəti  Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirir. Dünyaya səs salan və yeni reallıqlar yaradan tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir.