YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mühüm addımlar

Azər Süleymanov

YAP Nəsimi rayon təşkilatının sədri

Paytaxtımız Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – "Caspian Oil&Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – "Caspian Power" sərgilərinə ev sahibliyi edərək bir daha beynəlxalq müstəvidə öz yerini və mövqeyini nümayiş etdirdi. Dünyanın 38 ölkəsindən 331 şirkətin iştirak etdiyi sərgi artıq 28 ildir ki, neft, qaz və enerji sektorunda əhəmiyyətli əməkdaşlıq üçün mühüm platformaya çevrilib. Əlbəttə ki, bu sayda şirkətin Azərbaycana toplaşması heç də təsadüfi deyildi. Nüfuzlu tədbirlərin təşkil edilməsində təhlükəsiz məkan olan və əməkdaşlıq məsələlərinin müzakirə edilməsində artıq sözünü demiş ölkəmizin əldə etdiyi nailiyyətlərin təməlində Ümummilli Liderimiz Heydər Əliyevin müdrikliyi dayanır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi neft strategiyası Azərbaycanın gələcək inkişafında əvəzsiz rol oynadı. 1994-cü ildən təşkil edilən sərgilərə Ulu Öndər daim dəstək verib. Budəfəki Bakı Enerji Həftəsi, eyni zamanda, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin yubileyi ilə üst-üstə düşmüş oldu. Məlumdur ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan edilib və Sərgi çərçivəsində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş stend nümayiş olunub. Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – "Caspian Oil&Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – "Caspian Power" sərgilərinin açılışında Prezident İlham Əliyev çıxışında bildirdiyi kimi, 30 ildir - 1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. "1994-cü ildə neft strategiyamızın - Ulu Öndər Heydər Əliyevin neft strategiyasının astanasındaydıq", - deyə Azərbaycan Prezidenti 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildiyini diqqətə çəkərək "Əsrin müqaviləsi"nin imzalandığını bildirib. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış "Əsrin müqaviləsi" respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi daxil oldub. Bu həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olub. Təbii ki, geosiyası və iqtisadi məkan kimi dünyanın maraq dairəsində olan ölkəmizə dünya ölkələrindən gələn şirkətlər Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik olmasının bir daha şahidi olur və mövcud mühit marağı daha da artırır. Müstəqilliyimizin ilk illərində Azərbaycanda mövcud olan vəziyyət və böhran ölkəmizi uçuruma sürükləmişdi. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, qonşu ölkələrlə münasibətlər xarici sərmayələrə dövlət təminatının verilməsi əlbəttə ki, böyük şirkətlərin ölkəmizə sərmayə qoymasına imkan vermişdir. "1994-cü ildə Birinci Qarabağ müharibəsi başa çatdı, atəşkəs imzalandı və ondan bir neçə ay sonra "Əsrin müqaviləsi" imzalandı", - deyən dövlət başçımız həmin zaman müstəqilliyimizin 3 yaşı olduğunu bildirib: "Bizim BP kimi 30 illik tərəfdaşımızı və ilk konsorsiumun ovaxtkı üzvlərini də buraya dəvət etmək üçün olduqca böyük səylər lazım oldu. Bizim neft kəmərlərimiz yox idi, infrastrukturumuz yox idi, hətta ölkədə mülki infrastruktur da geridə qalmışdı. Ona görə də 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması yeganə addım idi ki, o, Azərbaycana dayanıqlı inkişaf, iqtisadi müstəqillik və bunun nəticəsində də siyasi müstəqillik gətirdi".

Bu müqavilə ən önəmli və həyati dəyərə malik beynəlxalq müqavilələrdən birincisi kimi tarixdə yer alıb. Tarixi müqavilə müasir və qüdrətli Azərbaycanın təməlini möhkəmlətdi, ölkənin bu gününün və gələcəyinin uğurlu inkişafına yol açdı. 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənilməsi və hasilatın pay bölgüsü ilə bağlı "Əsrin müqaviləsi" imzalandı. Daha sonra dünyanın 19 ölkəsini təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalandı. Azərbaycanın neft sənayesinin, ümumiyyətlə, iqtisadiyyatının inkişafında yeni dövrün əsasını qoyan "Əsrin müqaviləsi"nin imzalanması ilə başlamış iş XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində, "Əsrin müqaviləsi" Azərbaycanı investisiyalara açıq bir dövlətə çevirdi və xarici investorlar, bu layihə təsdiqini tapdıqdan sonra, sərbəst şəkildə ölkəmizə investisiya yatırmağa başladılar. 1994-cü ildən bu günə qədər ölkəmizə milyardlarla dollar həcmində xarici investisiyalar yatırıldı, neft sektorunun inkişafı isə, özlüyündə, qeyri-neft sektorunun da inkişafını təmin etdi.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti nəticəsində, neft və qazın bir neçə kəmər vasitəsi ilə Azərbaycandan Avropaya çıxarılması təmin edilib. "Avropa İttifaqı ilə Azərbaycan ötən ilin iyulunda enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Bu, uğurla icra edilir. Biz artıq enerji dialoqumuzu başlamışıq, uğurla davam edir. Biz Avropa İttifaqı ilə bərabər, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üzvləriyik, o, hər il fevral ayında Bakı şəhərində baş tutur. O da çox böyük əhəmiyyətə malikdir ki, bizim bütün səylərimiz əlaqələndirilir. Cənub Qaz Dəhlizi artıq istifadəyə veriləndən sonra belə, bu gün bizim yeni vəzifələrimiz var. Ona görə də Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının müsbət məqamları olduqca çoxdur və gələcək potensial da olduqca genişdir.", - deyə Prezident çıxışında bildirib.

Azərbaycan enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsidir. Azərbaycan dünya ölkələri ilə enerji təhlükəsizliyinin gücləndirilməsində etibarlı tərəfdaşdır. Bu əməkdaşlığın coğrafiyası genişlənir. Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzalandığını diqqətə çəkən Prezident 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artırmağımızın planlarımız sırasında olduğunu bildirib: "Bizim qaz təchizatımızın dinamikasına nəzər salsaq görərik ki, ötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql edəcəyik. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq. Bunun üçün mənbələr artıq var, onlardan biri bizim nəhəng "Şahdəniz" yatağımızdır, digər yataq "Abşeron"dur". Azərbaycanın strateji tərəfdaşı olan BP şirkəti ilə dərin qatlardan qaz hasilatı üzrə layihələr həyata keçirir və gələn ilin sonuna qədər biz böyük dərinlikdən ilk qaz alacağıq deyən Cənab Prezident görülən işləri, həyata keçirilən layihələri də diqqətə çəkib: "Ötən ilin dekabr ayında Buxarest şəhərində yaşıl enerjiyə dair digər bir mühüm tədbir keçirildi. Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya bir araya gəldi və Avropa Komissiyasının Prezidenti də həmin tədbirdə iştirak etdi. Orada yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzalandı. Əminəm ki, bu, qlobal əhəmiyyətə malik bir layihə olacaqdır. Bu layihə daha çox ölkələr və şirkətlər cəlb edəcəkdir".

Azərbaycan artıq etibarlı enerji tərəfdaşına çevrilib. Keçən il Avropa İttifaqı bazarına qaz tədarükünü 40 faiz artırdı. Prezident İlham Əliyev çıxışında qlobal enerji ilə bağlı Azərbaycanın mövqeyini bir daha sərgiləmiş oldu.