YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Enerji təhlükəsizliyi təkcə marşrutların deyil, mənbələrin şaxələndirilməsidir

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

“Mən hər il Xəzər Neft-Qaz Sərgisində çıxış edəndə deyirdim ki, enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, bu, mənbələrin şaxələndirilməsidir. Bu gün hamı bunu artıq aydın görür ki, bizim halda bu, hər iki məsələdir - həm marşrutlar şaxələndirilir, həm də mənbələr şaxələndirilir. Bizim bu işə çox sadiq olan bir heyətimiz var - beynəlxalq maliyyə institutları, biz hər birimiz vahid komanda kimi çalışırıq ki, enerji təhlükəsizliyini gücləndirək, bir-birimizə müəyyən çətinliklərin öhdəsindən gəlmək üçün dəstək olaq. Onlar situativ çətinliklər və ya strateji çətinliklər ola bilər. Biz bu işdə bir yerdəyik.” Dövlət başçısı İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışındakı çıxışında onu da böyük fəxr hissi ilə qeyd etdi ki, Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu, çox vacib bir məsələdir.

Təbii ki, Azərbaycanın bu mövqeyi qazanmasında “Əsrin müqaviləsi”nin icrası, həmçinin  ənənəvi Xəzər Neft və Qaz sərgilərinin keçirilməsi əsas rol oynayır. Əməkdaşlığın coğrafiyasının genişlənməsi, eyni zamanda, sərgidə iştirak edən dövlətlərin, onları təmsil edən şirkətlərin sayının artması da bir çox məqamları özündə ehtiva edir.  Prezident İlham Əliyev həmin dövrü belə xarakterizə edir ki, 1994-cü ildə Azərbaycan böyük işlərin astanasında idi. Ölkə iqtisadiyyatı o vaxt böyük çətinliklərlə üzləşmişdi. Ölkədə sabitlik yaradılması üçün addımlar atılırdı. Ancaq 1994-cü ildə Azərbaycanın, ümumiyyətlə gələcəyi haqqında birmənalı fikir yox idi: Azərbaycan hansı yollarla inkişaf edəcək? Azərbaycan iqtisadiyyatı nəyin hesabına formalaşacaq? Azərbaycan öz strateji inkişaf yolunu hansı istiqamətdə görür? Bütün bu suallar ölkə qarşısında durmuşdu. O illərdə edilən strateji seçim Azərbaycanın bugünkü uğurlu inkişafını təmin etdi.

Ümummilli Lider Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan düzgün yol seçdi və bu yolun düzgün olmasını bügünkü Azərbaycanın inkişafında görürük. Artıq ənənəvi olaraq keçirilən sərgilərdə ötən dövrün uğurları geniş təhlil edilir, qarşıdakı mərhələni şərtləndirən hədəflər müəyyənləşdirilir. Bu günümüzün əsas çağırışlarından biri bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycan bu sahədə böyük potensiala malikdir. “Bərpaolunan enerji haqqında danışarkən deyim ki, Azərbaycanın nəhəng potensialı var. Onun artıq ilkin hesablaması aparılıb, 157 qiqavat həcm yalnız Xəzər dənizində var. Quruda isə bizim potensialımız çox böyükdür. Beynəlxalq investorlarla imzalanmış iki müqavilə növbəti bir il, ya da ilyarım ərzində 500 meqavata yaxın “yaşıl enerji” əldə etməyə imkan verəcək” deyən Prezident İlham Əliyev bildirdi ki, ümumilikdə saziş və memorandumları nəzərə alsaq, artıq 25 qiqavatlıq sazişlər imzalanıb. Əlbəttə, Anlaşma memorandumu imzalamaq o demək deyil ki, o, dərhal reallaşacaq və müqavilə olacaq. Ancaq elə şirkətlərlə Anlaşma memorandumları imzalamışıq ki, onlar bərpa olunan enerji sahəsində qlobal liderlərdir. Ona görə də bunların real müqaviləyə çevrilməsi ehtimalı olduqca yüksəkdir.

 Göründüyü kimi, Azərbaycanın enerji sektorunda davamlı uğurlarının təmin edilməsi üçün geniş imkanlar yaranır. Ümumilikdə hər bir layihənin uğurlu sonluqla başa çatması yeni layihənin gündəmə gətirilməsini zərurətə çevirir. Cənab İlham Əliyev günümüzün reallıqları fonunda bu məqamı xüsusi qeyd edir ki,  Azərbaycan enerji sahəsində qarşıda duran bütün vəzifələri vaxtında icra etmişdir.