YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qarşıya qoyulan hədəflərə addım-addım nail olmaqdadır

Əli Hüseynli 

Milli Məclisin deputatı

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə səfər etmiş və dogma yurdlarına qayıdan qayıdan əhali ilə görüşərək, evlərin açarlarını onlara təqdim etmişdir. İlk sakinlər qarşısında etdiyi çıxışda  dövlətimizin başçısı  hazırkı dövr üçün çox əhəmiyyətli hesab edilən bir sıra ciddi və maraqlı siyasi məqamlarla bağlı fikirlərini açıqlamışdır. Prezident İlham Əliyevin məhz Müstəqillik günündə Laçın rayonuna səfər etməsi bu ərazinin Azərbaycan üçün böyük strateji, coğrafi və siyasi əhəmiyyətə malik olduğunun göstəricisidir. Xatırlayırsınızsa, ölkə rəhbəri özünün 50 illik yubileyini də məhz Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində məskunlaşmış laçınlı məcburi köçkünlərlə birlikdə qeyd etmişdi. Və həmin görüşdə onlara verdiyi sözünü tutaraq bu gün laçınlıların öz dogma yurdlarına qayıtmalarını yüksək səviyyədə təmin etmişdir. Cənab İlham Əliyev görüşün məhz 28 may tarixində təşkil olunmasının böyük rəmzi məna kəsb etdiyini bildirmişdir: “Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir… Burada həm yaşamaq, həm işləmək üçün bütün şərait yaradılır və gördüyünüz kimi, bu gün Laçın şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir… Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir”.

Dövlət başçısı Laçın rayonunun strateji əhəmiyyəti ilə bağlı məqamlar fonunda Ermənistanın ölkəmizə qarşı işğal tarixinə də ekskurs edərək, birinci Qarabağ müharibəsində baş vermiş proseslərə bir daha siyasi qiymət vermişdir: “Laçın rayonunun işğal altına düşməsi hamımız üçün böyük faciə idi, eyni zamanda, gənc, müstəqil Azərbaycan üçün. Çünki Laçının işğal altına düşməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmışdır. Əfsuslar olsun ki, nə ovaxtkı Azərbaycan rəhbərliyi, nə də rəhbərliyə can atan müxalifət qüvvələri öz məsuliyyətini dərk edə bilməmişlər, bir çox hallarda hər ikisi xəyanət törətmişdir. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi. Görün, bu tarixlərin - yəni, Laçının azad olunmasının və bu gün bizim burada keçirdiyimiz görüşün tarixlərinin də rəmzi mənası var. May ayında Laçın işğal altına düşdü, may ayında laçınlılar Laçına qayıtdıla. Yəni, bu tarixlər arasında bağlılıq var”. Həqiqətən də, Laçının, ümumiyyətlə azad Qarabağın bu gününü gördükcə o zaman biz dövlət müstəqilliyimizin bərpasının ilk illərində işğal və xəyanət nəticəsində hansı dəyərlərdən məhrum olduğumuzu daha yaxşı dərk edə bilirik.

Əsl həqiqət isə ondan ibarətdir ki, yalnız ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsindən - 1993-cü ilin oktyabr ayında prezident vəzifəsinə seçilməsindən sonra Azərbaycan sabitlik məkanı kimi dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib. Son 20 il ərzində isə bu proses yeni çağırışlara uyğun daha vüsətlə inkişaf edib. Bu gün Azərbaycan dünya miqyasında, iqtisadi cəhətdən tam müstəqilolan nadir ölkələr sırasında qərarlaşıb. Həm regional təhlükəsizlik və inkişaf məsələlərində,  həm də dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmlidir, beynəlxalq müstəvidə bizimlə hesablaşırlar. Müzəffər Ali Baş Komandanın bənzərsiz sərkərdəliyi ilə düşməni 44 gün ərzində darmadağın edib, ərazi bütövlüyümüzü təmin edən ordumuz dünyanın 50 ən güclü orduları sırasındadır. Bu dövr ərzində mütərəqqi düşüncəli və vətənpərvər gənc nəsil yetişib: “Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər. Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər, ölümə də gedirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların qəhrəmanlığını heç vaxt unutmayacağıq. Onların qəhrəmanlığı, şücaəti sayəsində biz, bax, bu gün burada oturmuşuq və bu gün bu torpaqlarda həyat canlanır”.

Prezident İlham Əliyev ikinci Qarabağ müharibəsini Azərbaycanın şanlı tarixi adlandırmış və əldə etdiyimiz Zəfərlə öz müstəqilliyimizi və  ərazi bütövlüyümüzü heç kimdən asılı olmadan təmin etmək və etibarlı şəkildə qorumaq iqtidarında olduğumuzu bəyan etmişdir. Bu kontekstdə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasında beynəlxalq vasitəçilərin rolunun hətta zərərli nəticələrə gətirib çıxadığına işarə etmişdir: “Yəni, bu gün bizim yaşadığımız reallıq məhz İkinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində əldə edilmiş nəticələr əsasında formalaşıb. Biz demişik ki, ATƏT-in Minsk qrupunun xidmətlərinə, - əslində, bu, ayı xidməti idi, - ehtiyac yoxdur. Biz dedik ki, Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü prinsipi əsas tutularaq sülh müqaviləsi imzalanmalıdır. Biz lazımi addımlar ataraq bu gün Qarabağda Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazilərdə istədiyimizə nail olmuşuq”.

Dövlətimizin başçısı Azərbaycanın Ermənistanla sülhyaratma istiqamətində gedən proseslərə toxunaraq bildirmişdir ki, bizim konkret təkliflərimiz və şərtlərimiz var və biz addım-addım onların reallaşdırılması istiqamətində səmərəli işlər görməkdəyik: “Biz 23 aprel tarixində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoyaraq məsələni birdəfəlik həll etdik, ərazi bütövlüyü məsələlərini birdəfəlik həll etdik. Məhz bunun nəticəsində İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra həm Azərbaycan-Ermənistan sərhədində, həm Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə, həm sərhəd-buraxılış məntəqəsini qoymaqla biz yeni reallıq yaratdıq və Ermənistanı məcbur etdik ki, bizim dediyimizi onlar da təkrarlasın. Mən bunu İkinci Qarabağ müharibəsi başa çatandan sonra demişdim, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi o halda mümkündür ki, onlar deyəcəklər: Qarabağ Azərbaycandır! ...Həyat bir daha onu göstərdi ki, nə deyiriksə, onu da edirik. Bir neçə gün bundan əvvəl Ermənistan rəhbərliyi tərəfindən verilən açıqlama faktiki olaraq mənim bir neçə il bundan əvvəl dediyim “Qarabağ Azərbaycandır!” sözlərimin təkrarıdır”.

Reallıq da onu deməyə əsas verir ki, artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Ermənistanın bundan sonra atacağı addımlardan, yəni sülhə gəlib-gəlməyəcəyindən asılı olmayaraq Azərbaycan heç bir güzəştə getməyəcək və qarşısında qoyduğu bütün hədəflərə nail olacaq. Bu kontekstdə Prezident İlham Əliyev qarşı tərəfə xəbərdarlıq etmış və qalib dövlət kimi Azərbaycanın  mövqeyini açıqlamışdır: “Aprelin 23-də sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsi bu gün Qarabağ bölgəsində yaşayan ermənilər üçün də bir dərs olmalıdır. Əfsuslar olsun, onlar bu günə qədər kiməsə arxalanırlar ki, kimsə gələcək onları xilas edəcək, kimsə gələcək Azərbaycanla müharibə aparacaq. Bunlar hamısı cəfəngiyyatdır. İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yenə də sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq. Birincisi, bu, qanunsuzdur. Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. Sadəcə olaraq, biz hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan Bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş vermiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır”.

“Miatsum” ideologiyasının və  separatizmin, Qarabağda yaşayan ermənilərin müstəqillik və hər-hansı status xülyasının heç bir perspektivi olmadığını bildirən cənab İlham Əliyev onların düşdükləri vəziyyətdən yeganə çıxış yolunu da göstərib - Azərbaycan qanunlarına tabe olmaq, ölkənin normal vətəndaşı olmaq, saxta dövlət atributlarından imtina etmək: “Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər… Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək. Ona görə onlara ancaq o halda amnistiya düşə bilər ki, özləri könüllü olaraq bütün saxta vəzifələrini kənara qoyub Azərbaycan vətəndaşlığı üçün müraciət etsinlər. Ona da biz hələ baxacağıq. Mənim sözüm qətidir, bunu hər kəs bilir, həm Azərbaycanda, həm dünyada, o cümlədən Ermənistanda. Nəyi deyiriksə, onu da edirik. Bir dənə də olsun sözümüz, necə deyərlər, havada qalmayıb, bu söz də havada qalmayacaq. Əgər mən deyirəmsə ki, amnistiyaya baxmaq olar, bu fürsəti də qaçırmasınlar”.  Dövlətimizin başçısı Ermənistanın kapitulyasiya aktı olan 10 noyabr 2020-ci il Moskva bəyannaməsinin bir sıra müddəalarını, habelə  Avropa Birliyi, ABŞ, Rusiyanın vasitəçiliyi ilə keçirilən danışıqlarda əldə olunmuş razılaşmaları kobudcasına pozmaqda davam edən Ermənistan rəhbərliyini beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn və  Azərbaycan tərəfinin ədalətli mövqeyinə söykənən sülh şərtlərini qəbul etməyə, Zəngəzur dəhlizinin reallaşmasına mane olmamağa çağırmışdır: ”Ona görə bu gün də deyirəm, hələ ki, gec deyil. Hələ ki, Ermənistanın de-fakto olmasa da, hüquqi cəhətdən müstəqilliyi var, hələ ki, Ermənistan sərhədləri anlayışı müəyyən mənada qəbul edilir… Delimitasiya istəmirlərsə, olmasın delimitasiya. Onda nə olacaq, harada desək, sərhəd də orada olacaq. Onlar bilirlər ki, biz bunu edə bilərik. Heç kim onlara kömək etməz, nə Avropadan gələn pensiyaya çıxmış Fransa polisləri, nə də başqaları, heç kim… Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bu, bizim şərtlərimizdir. Mən bu şərtləri, bax, burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq”.