YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımızın müstəqillik hisslərini gücləndirən tarix

“Azərbaycan xalqı 28 May - Müstəqillik Gününü böyük coşqu ilə qeyd edir. 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirdi. Ona görə də,  Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, milli tariximizə qızıl hərflərlə yazılıb. 1991-ci ildə isə dövlət müstəqilliyimiz bərpa olundu. Ümummilli liderimiz Heydər Əliyevin bəyan etdiyi kimi Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Xalq Cümhuriyyəti dövründə Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, milli ordunun yaradılması kimi faktlar dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olundu. Milli ordu qurularaq Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edildi. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olundu. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi isə yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Buna görə də ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Müasir müstəqil Azərbaycan dövlətinin Xalq Cümhuriyyətinin varisi olduğunu xatırladan S.Fətəliyevanın sözlərinə görə, ümummilli lider Heydər Əliyev Xalq Cümhuriyyətinin irsinin qorunması və yaşadılması üçün müstəsna xidmətlər göstərib. Belə ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin sessiyasında Xalq Cümhuriyyətinin üçrəngli bayrağının qaldırılması və Naxçıvan MR-nın dövlət bayrağı kimi rəsmiləşdirməsi, Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılması buna ilk bariz nümunədir. Məhz bundan sonra o dövrdəki Azərbaycan rəhbərliyi 1991-ci il fevralın 5-də üçrəngli bayrağımızı dövlət bayrağı kimi təsbit etməyə məcbur oldu. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra isə Xalq Cümhuriyyətinin irsinin öyrənilməsi ilə bağlı müxtəlif qərarlar verdi, bu istiqamətdə çoxsaylı elmi tədiqiqatlar aparıldı, tarixi əsərlər yazıldı. Eləcə də, 1 fevral 2003-cü il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında” Sərəncam imzaladı. 2007-ci il 25 may tarixində isə İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin Prezident İlham Əliyev tərəfindən açılışı gerçəkləşdi.

S.Fətəliyeva qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi də  cümhuriyyət irsinə, onun qurucularına böyük ehtiramın nümunəsi oldu: “Bu gün çox qürur duyuruq ki, artıq üçüncü ildir ki, 28 May Müstəqillik Gününü ərazi bütövlüyümüzün bərpa olunması şəraitində qeyd edirik. Dünya ölkələrinin başçılarının 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlamaları respublikamızın və onun Liderinin beynəlxalq miqyasda nüfuzunun artmasını əyani şəkildə təsdiqləyir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradır. Bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək. Əminliklə demək olar ki, Ümummilli Liderin qurduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Bundan sonrakı mərhələlərdə Azərbaycan daha da güclənəcək, dünyada nüfuzunu daha da artıracaq”.