YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Humanizm siyasətinin növbəti nümunəsi

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin və müsbət ənənənin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin humanizm ideyalarına böyük önəm verməsi və buna uyğun addımlar atılması vətəndaş həmrəyliyinə, insanların dövlətə inam və etimadının artmasına xidmət edib. Təsadüfi deyil ki, məhkumların cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tam azad edilməsi tədbirlərini həyata keçirmək məqsədilə 1995-ci ildə Bağışlanma Məsələləri üzrə Komissiya yaradılıb, 2001-ci ildə isə Əfv Məsələləri Komissiyası ilə əvəz olunub. Bütövlükdə, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv Fərmanının imzalanması mühüm əhəmiyyətə malikdir. Ümummilli Lider tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Bunlarla yanaşı, ölkəmizdə 1998-ci ildə ölüm hökmü aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə bu cəzanı ləğv edən ilk ölkələrdən biri kimi tarixə düşüb.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasətini və ənənələri Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Mayın 8-də dövlət başçısı tərəfindən “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" Sərəncamın imzalanması və 800-dən çox insanın əfv edilməsi Ulu Öndərimizin əziz xatirəsinə hörmət və ehtiramın bariz nümunəsidir. Bu, müstəqil ölkəmizin tarixində ən böyük əfv aktıdır. Bununla da, cənab İlham Əliyev dövlət başçısı kimi 37-ci  əfv Sərəncamını imzalamış oldu.

Eyni zamanda, hər zaman nəcib, humanist təşəbbüsləri ilə ali insani dəyərlərə yüksək qiymət verən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti də xüsusi qeyd edilməlidir. Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktı qəbul edilib. Bu təşəbbüslər xeyirxahlıq və mərhəmət kimi mənəvi idealların təcəssümünə çevrilib. Ümumilikdə isə, 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı təxminən 135 min şəxsə tətbiq edilib, 32 mindən çox məhkum cəzaçəkmə müəssisələrindən azad olunub. Bir faktı qeyd edək ki, Azərbaycan Prezidentinin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2021-ci il 5 noyabr tarixli qərar 17 min 267 şəxsə şamil olunub. Bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır. Amnistiyanın tətbiqi nəticəsində şəxslər ayrı-ayrı cəzalardan, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediliblər, bəzilərinin isə cəza müddəti azaldılıb. Bütün bunlar Azərbaycan dövlətinin humanizm siyasətinin əyani ifadəsidir.

Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ən böyük əfv sərəncamının imzalanması Heydər Əliyev ideyalarının təntənəsi və demokratik-hüquqi dövlətçilik ənənəsinin davamı kimi dəyərləndirilməlidir. Bununla əfv olunmuş şəxslərə vaxtından əvvəl normal həyata qayıtmaq və cəmiyyətdə yenidən özlərini təsdiq etmək imkanı yaradılır. Bütün bunlar bir daha təsdiqləyir ki, ulu öndər Heydər Əliyevin təməlini atdığı humanizm dəyərləri hər zaman Azərbaycanda yaşayacaq.