Xəbərlər
Zərifə xanım Əliyevanın həyat yolu nümunədir

YAP Xaçmaz rayon təşkilatının və Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə tanınmış oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Zərifə xanım Əliyevanın mənalı ömür yolunu və zəngin elmi yaradıcılığını əks etdirən videoçarxın nümayişindən sonra konfransı giriş sözü ilə açan Xaçmaz Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin direktoru, Əməkdar həkim Səyyaf Tağıyev akademikin tibb elminə gətirdiyi yeniliklərdən, gənc kadrların yetişdirilməsinə töhfələrindən geniş bəhs edib.
Həkim Mahirə Kərimova "Gözəl alim, qayğıkeş insan" mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, əməlləri ilə insanlığın zirvəsinə ucalan Zərifə xanım Əliyeva mərhəməti, xeyirxahlığı və vətənpərvərliyi fəaliyyətinin əsas prinsipi kimi qəbul etmişdir. Onu sevdirən, daim xatirələrdə yaşamasını şərtləndirən əsas amil də məhz bu ali dəyərləri qoruması, gənc nəslin bu ruhda tərbiyə edilməsinə çağırışları və real addımları olmuşdur.
Həkim Əmir Əsədov isə Zərifə xanım Əliyeva ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. İllərin izləri əsasında Zərifə xanımın portretini təqdim edən Ə.Əsədov bildirib ki, akademikin həyat yolu nümunədir.
Konfransda çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadasov vurğulayıb ki, ən yüksək keyfiyyətlər - səmimilik, alicənablıq, qayğıkeşlik, xalqına və Vətəninə sönməz məhəbbət Zərifə xanım Əliyevaya xas xüsusiyyətlər idi. Onun oftalmologiya elminə verdiyi töhfələri bu gün də aktuallığını qoruyur, həyatı və fəaliyyəti dərin hörmətlə yad edilir.
Sonda YAP sıralarına yeni daxil olmuş bir qrup gəncə partiya vəsiqəsi təqdim olunub.