YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qətiyyətlə addımlayırıq

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Dünyada mövcud olan hər bir dövlətin gücü və qüdrəti, onun xalqının xoşbəxt həyatı, firavanlığı ilk növbədə milli iqtisadiyyatdan asılıdır. Cəmiyyət bir çox yarımsferalardan ibarətdir. Amma onların hər biri mütləq şəkildə iqtisadi yarımsferadan asılıdır. Böyük dövlətçilik və idarəçilik təcrübəsinə malik olan Ulu Öndər Heydər Əliyev bu həqiqəti gözəl bilir və milli iqtisadiyyatımızın yüksəlişi naminə daim yorulmadan çalışırdı. Ulu Öndər Heydər Əliyev qeyd edirdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Çağdaş tariximiz bu müdrik ifadənın doğruluğunu və nə qədər yerində deyildiyini dönə-dönə sübuta yetirir. Ulu Öndər həm də öz əlinin qabarı ilə milli iqtisadiyyatımıza töhfələr bəxş edən sadə zəhmət adamlarına da yüksək dəyər verir, bölgələrə səfərləri zamanı istehsal sahələrində çalışan zəhmətkeşlərlə səmimi söhbətlər edirdi.

Ulu Öndər Heydər Əliyevin 7 iyul 2001-ci ildə Sumqayıta səfəri zamanı Etilen-Polietilen zavodunda “Buxar-Generator” qurğusunun istifadəyə verilməsi mərasimində söylədiyi fikirlər iqtisadi inkişafımız baxımından indi də öz aktuallığını saxlamaqdadır. Dahi rəhbər qeyd etmişdi ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndə burada yaranmış böyük kimya kompleksi öz milli iqtisadiyyatını formalaşdırmaq yolunda mühüm addımlar atan ölkəmiz üçün strateji əhəmiyyətə malik oldu. Davamlı inkişafa əsaslanan iqtisadi siyasətimizin isə kökündə əsas məsələlərdən biri kimi əhalimizin sosial rifah halının yaxşılaşdırılması dayanırdı.

1994-cü ilin 20 sentyabrında imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin gələcək iqtisadi inkişafına elə bir sarsılmaz təməl formalaşdırdı ki, bunun faydasını xalqımız əsrlər boyu hiss edəcəkdir. “Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına verdiyi çox mühüm töhfələrdən ən vacibi idi. Neft və qaz hasilatının daim artırılması və Avropa ölkələri istiqamətində ixrac olunması hər an Ulu Öndərin diqqətində olan məsələlərdən idi. Çünki Ümummilli Liderimiz çox gözəl anlayırdı ki, neftin və qazın Avropa ölkələrinə nəqli təkcə iqtisadi, kommersiya məsələsi deyil, bu həm də siyasi məsələdir və Azərbaycanın Qərb dünyası ilə əlaqələrinə mühüm təsir göstərəcək amildir. Bütün bu nəhəng işlərin görülməsi isə yalnız və yalnız bir ali məqsədə - milli maraqlarımızın təmin olunmasına yönəldilmişdi.

Ulu Öndər Heydər Əliyev demək olar ki, iştirak etdiyi bütün beynəlxalq toplantılarda, konfranslarda ölkəmizin yürütdüyü enerji siyasətinin mahiyyətini xırdalıqlarına qədər dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışırdı. 25 fevral 2003-cü ildə Vaşinqtonda keçirilən “Şərq-Qərb Enerji Dəhlizi reallıqdır” mövzusundakı beynəlxalq konfransda Ulu Öndər qeyd edirdi ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri təkcə iqtisadi xarakter daşımır. O, eyni zamanda, Qafqazda, xüsusən Cənubi Qafqazda, Türkiyədə təhlükəsizliyi və sabitliyi təmin etmək üçün əsas vasitələrdən biridir. Azərbaycanın yeni neft strategiyası, onun qarşıya qoyduğu məsələlər, Azərbaycanın iqtisadiyyatı və bunun gələcəyi, demokratik, hüquqi, dünyəvi dövlət kimi ilbəil inkişaf etməsi, bazar iqtisadiyyatı ilə irəliləməsi - bunlar hamısı bizim əsas prinsiplərimizdir. Ulu Öndər Heydər Əliyevin arzuları reallaşır. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmiz iqtisadi inkişaf yollarında qətiyyətlə addımlayır.