YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişafın yeni mərhələsi

Anar Məmmədov

Milli Məclisin deputatı

Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müasir Azərbaycanın qurucu prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. İlham Əliyev nəinki ölkədə, həm də beynəlxalq aləmdə kifayət qədər nüfuza malik siyasətçidir. Ölkə başçısının 2003-cü ildən yürütmüş olduğu milli maraqlarımıza xidmət edən balanslaşdırılmış xarici və daxili siyasəti nəticəsində hər il qazanılan yeni uğurlar milli dövlətçiliyi möhkəmləndirir, məğlubları isə daha da miskin vəziyyətə salır.

Ölkəmizdə 2018-ci il 11 aprel tarixində keçirilən prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 86,03%-nin səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim etmişdir. Səsini ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi İlham Əliyevə vermişdir. Növbəti dəfə xalqdan etimad mandatı alan Prezident İlham Əliyevin rəhbərliyi altında son 5 ildə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuşdur.

Belə ki seçkilərdən sonra çox qısa müddət ərzində Azərbaycan vətəndaşlarının sosial-rifah halının daha da yaxşılaşdırılması istiqamətində önəmli, inqilabi addımlar atıldı, əməkhaqları, müavinətlər, pensiyalar artırıldı, Birinci Qarabağ savaşında qəhrəmancasına həlak olmuş şəhidlərimizin ailələrinə birdəfəlik ödəmələr verildi.

Ən mühüm addımlardan biri isə problemli kreditlərlə bağlı cəmiyyətin böyük üzüntüsünə - insanların banklardan əsarətinə son qoyulması oldu. Problemli kreditlərlə bağlı məsələnin birdəfəlik qapadılması üçün 2019-cu ilin fevralında analoqu olmayan Fərman imzalandı. Həmçinin ölkəmizdə kadr və struktur islahatları, korrupsiyaya qarşı mübarizə istiqamətində tədbirlər gücləndirildi.

Ölkə başçısı qarşıya qoyduğu hədəflərə uyğun olaraq iqtisadi islahatları daha da dərinləşdirdi, heç bir sosial layihə təxirə salınmadı. İnsanların sağlamlığının qorunması ilə yanaşı, iqtisadi imkanlarımızın artırılması da prioritet məsələ kimi öndə dayandı. 2020-ci ilin əvvəllərindən bütün dünyanı cənginə almış koronavirus bəlasından İlham Əliyevin rəhbərliyi, müdrik, uzaqgörən, düşünülmüş siyasəti nəticəsində ölkəmiz, xalqımız bu bəladan az itkilərlə qurtulmağı bacardı. Azərbaycan COVİD-19-la mübarizə tədbirləri zamanı 30-dan artıq ölkəyə maliyyə və humanitar yardım göstərib, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü maliyyə töhfəsi etdi. Bu addımlar da Azərbaycanın iqtisadi və maliyyə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır. Azərbaycan koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini həyata keçirdiyi vaxtlarda, eyni zamanda, 2020-ci il 27 sentyabr tarixindən 44 gün davam edən Vətən Müharibəsini yaşadı. Ermənistan silahlı qüvvələrinin ərazilərimizi müxtəlif istiqamətlərdən atəşə tutmaları dövlətimizin, xalqımızın səbir kasasını doldurdu, Azərbaycan ordusu dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə məğrur ordumuz qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı sarsıdıcı cavab tədbirləri həyata keçirdi, bütün istiqamətlərdən əks-hücuma keçərək düşmən mövqelərinə ağır zərbələr endirərək tarixi Zəfərə imza atdı. Şanlı Qələbəmiz ümumilikdə Azərbaycanın bütün sahələrdə malik olduğu imkanların təqdimatı oldu. 44 gündə 30 ilin işğalına son qoymaq Azərbaycanın düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsi oldu. Ölkəmiz bu illər ərzində münaqişənin sülh danışıqları əsasında həllinə səy göstərməklə yanaşı, hərb variantını da istisna etməyərək iqtisadi gücünü artırdı, ordunun maddi-texniki bazasını möhkəmləndirdi, döyüş ruhunu artırdı, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsini əsas  məsələ kimi qarşıya qoydu. Məhz bu amillərin-dövlətin qətiyyətinin, ordumuzun gücünün, qüdrətinin, xalqımızın Müzəffər Ali Baş Komandanın ətrafında sıx birliyinin, torpaq, Vətən sevgisinin vəhdəti sayəsində torpaqlarımız öz tarixi sahibinə qovuşdu.

Prezident İlham Əliyevin bütövlükdə 20 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərmişdir. Təkcə daxili siyasətdə deyil, xarici siyasətdə də varislik prinsipi qorunub saxlanılmışdır. Başqa sözlə, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu çoxvektorlu, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. 

DİGƏR Xəbərlər Arxiv