YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi dialoqun davam etdirilməsi prioritet məsələdir

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş uğurlu daxili və xarici siyasət strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında aparılan uğurlu daxili və xarici siyasət ölkəmizin həm iqtisadi, həm də siyasi baxımdan inkişafına ciddi töhfələr verir.

Hazırda ölkəmizdə çoxşaxəli islahatlar həyata keçirilir və bu islahatlar təbii olaraq siyasi sistemi də əhatə etməkdədir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan islahatlar ölkədə yeni siyasi konfiqurasiyanın formalaşması ilə yanaşı, siyasətdə peşəkar və demokratik münasibətlərin bərqərar olunmasını da tələb edir. Hakimiyyətin müxalifət nümayəndələri ilə mütəmadi şəkildə təşkil olunan görüşləri Azərbaycanda siyasi dialoq mühitinin inkişafına yönəlmiş siyasət kimi dəyərləndirilməlidir.

Bu gün ölkədə həyata keçirilən siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaları cəmiyyət artıq tanıyır. Eyni zamanda, dialoq mühiti siyasi partiyalara öz gücünü obyektiv şəkildə dəyərləndirmək üçün şərait yaradıb. Təsadüfi deyil ki, bəzi siyasi partiyalar rəqabət mühitinə tab gətirə bilmədikləri üçün fəaliyyətlərinə son qoyulması ilə bağlı bəyanatlarını veriblər. Bu cür halları obyektiv və təbii proses kimi qəbul etmək lazımdır.

Prezident İlham Əliyevin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrinin dərinləşdirilməsinə xidmət edir. Siyasi proseslərə qiymət verərkən, obyektivlik naminə nəzərə alınmalıdır ki, ölkəmizdə dialoq təşəbbüsü ilə çıxış edən tərəf məhz iqtidardır.

Dövlətimizin başçısı “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.” bildirib. Ölkəmizin artıq gündəlik siyasi təcrübəsinə daxil olmuş iqtidar-müxalifət dialoqunun davamlı şəkildə inkişaf edir.

Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün siyasi islahatlar davam etdirilməli və siyasi partiyalar arasında dialoq yaradılmasının zəruri olduğunu söyləyən ölkə başçısı qeyd etmişdir ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır. Prezident İlham Əliyev müxalifət nümayəndələri arasında sağlam əqidəli, Vətənini, xalqını sevənlərin olduğunu diqqətə çatdıraraq demişdir ki, müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, diqqətə çatdırırlar və bu, çox müsbət haldır.
Ümumiyyətlə siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Bu gün ölkəmizdə siyasi dialoq aparılır. Bu, çox təqdirəlayiqdir. Ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. Siyasi dialoqun bundan sonra da davam etdirilməsi prioritet məsələdir.

DİGƏR Xəbərlər Arxiv