YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müasir hərb tariximizin şanlı qürur səhifəsi

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Azərbaycanın çoxəsrlik dövlətçilik və müasir müstəqillik tarixi möhtəşəm nailiyyətlər və şanlı qələbələrlə əlamətdardır. Bunlardan biri də hərb tariximizin qürurverici səhifəsi olan Aprel döyüşləridir.

7 il əvvəl – 2016-cı ildə işğalçı Ermənistanın təcavüzkar silahlı birləşmələrinin təxribatı nəticəsində baş vermiş hərbi qarşıdurma – Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin inamlı qələbəsi ilə nəticələndi. Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi, minlərlə hektar ərazi Ordumuzun nəzarətinə keçdi.

Aprel Qələbəsi, əslində, Böyük Zəfərin müjdəçisi idi. Aprel döyüşlərindən 4 il sonra - Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün ərzində Ermənistanın silahlı qüvvələrini darmadağın etməsi və öz tarixi missiyasını uğurla yerinə yetirməsi 30 illik ədalətsizliyə və torpaqlarımızın hərbi-siyasi əsarətinə son qoydu. Bu gün iftixarla qeyd edirik ki, Aprel döyüşləri şanlı zəfər salnaməmizin başlanğıcı, milli qürur mənbəyimizdir. Möhtəşəm Qələbəmizin fonunda hər bir vətənpərvər azərbaycanlı özünü Müzəffər Ali Baş Komandanımızın əsgəri, Vətənin müdafiəçisi kimi görür, dövlətə və Ordumuza prinsipial dəstək verir.

Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa və cansağlığı arzulayıram.

Yaşasın Müzəffər Ali Baş Komandanımız, var olsun qalib Azərbaycan!