YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın başına gətirilən müsibətlərin ən dəhşətlisi

Sevinc Qasımova

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini

31 Mart azərbaycanlıların soyqırımı günüdür. Azərbaycanlıların soyqırımından bəhs ediləndə daha çox 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaхı, Quba, Göyçay, Kürdəmir, Salyan, Lənkəran və digər bölgələrdə ermənilərin törətdikləri qırğınlar vurğulanır. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Azərbaycanın demək olar, bütün bölgələrində on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib. Bu qırğınlar erməni millətçilərinin mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə planladığı və həyata keçirdiyi siyasətin tərkib hissəsi idi.

Sovet dövründə bu hadisələrin araşdırılması qadağan edildiyindən xalqımızın başına gətirilən müsibətlər yalnız ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar tərəfindən yazıldı, sənədlər toplandı. İndiyə qədər aparılan tədqiqatlar Mart soyqırımının miqyasının düşünüləndən daha böyük olduğunu sübut edirdi. Erməni vəhşilikləri, misli görülməmiş cinayətlər Qubada aşkarlanan kəllə və digər insan sümüklərinin tədqiqatı zamanı daha dəhşətli məqamlarla üzə çıxdı. Tədqiqatlar göstərirdi ki, Mart soyqırımı zamanı qətlə yetirilən şəxslər küt alətlərlə, başına mismar vurularaq, balta, xəncər kimi soyuq silahlarla öldürülüblər. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb.

Azərbaycanın yenidən müstəqillik əldə etməsi ilə xalqımızın başına gətirilən tarixi müsibətlərə işıq tutuldu. Bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin xidmətləri danılmazdır. 1998-ci il martın 26-da Ulu Öndərin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Bundan sonra Soyqırımı Günü milli anım və hüzn günü kimi Azərbaycan təqviminə əlavə olundu. Hazırda hər il 31 Mart Soyqırımı Günü ilə əlaqədar respublikanın müxtəlif ərazilərində geniş miqyaslı tədbirlər keçirilir, dünyanın bir çox şəhərlərində anma mərasimləri təşkil olunur.

2007-ci ildə Mart soyqırımı maddi sübutlarla, dəlillərlə aşkara çıxarıldı. Belə ki, həmin il Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verdi. Soyqırımı qurbanlarının kütləvi məzarlığı hər il azərbaycanlılarla yanaşı ölkəmizə gələn əcnəbi qonaqlar, turistlər, diplomatlar və ictimaiyyət nümayəndələrinin də ziyarət məkanına çevrilir.

Mart soyqırımın 100-cü ildönümü Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkə miqyasında əhəmiyyətli tədbirlərlə qeyd olundu. Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzaladı. Bütün bu addımların təşəbbüskarı olaraq çıxış edən dövlətimizin başçısı hər zaman gəncləri xalqımızın başına gətirilən qanlı olayları unutmamağa çağırır.