YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qlobal güc mərkəzi

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Martın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türkiyənin paytaxtı Ankarada “Fəlakətlərin - Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım” mövzusunda Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Görüşü keçirildi. Zirvə görüşündə türk dövlətlərinin liderləri Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında qardaş ölkə ilə həmrəy olduqlarını ifadə edib, eləcə də türk birliyinin gücləndirilməsi məsələlərini diqqət mərkəzində saxlayıblar. Bu Zirvə Görüşü türk dünyasının birliyinin gücləndirilməsi yolunda növbəti mərhələni təşkil edir. Sammitin sonunda imzalanmış Ankara Bəyannaməsində də vurğulanır ki, fəlakətdən sonrakı ehtiyacların qiymətləndirilməsi, təsirə məruz qalmış bölgələrin bərpası və yenidən qurulması prosesi ərzində Türkiyəyə dəstəyini davam etdirməkdə beynəlxalq ictimaiyyət üçün yaxşı istinad nöqtəsi olacaq. Bu səyləri daha yaxşı bərpa etmək və enerji səmərəliliyi prinsipləri əsasında qurmaq əzmi alqışlanıb. Eləcə də, Türk dünyasında daha dayanıqlı, davamlı və yaşıl inkişafın vacibliyi vurğulanıb.

Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Altı Türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan və Şimali Kipr də müşahidəçi qismində təşkilata qoşulub. Macarıstanın bu təşkilata qoşulması, eləcə də onlarla digər ölkənin müşahidəçi statusu almaq istəyi TDT-nin çəkisinin və perspektivinin yüksək olduğunu göstərir. Təşkilatın katibliyi İstanbulda yerləşir. 2021-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olub və səmərəli beynəlxalq təşkilata çevrilib. Bu, təkcə ad dəyişikliyi deyil, həm də yeni baxışın və yeni inkişaf vektorunun göstəricisidir.

İqtisadi potensial türk dövlətlərinin birliyini mümkün və etibarlı edən ən mühüm amillərdən biridir. Hazırda dünyada 200 milyondan çox türk mənşəli insan yaşayır. Eyni zamanda, türkdilli ölkələr təbii ehtiyatlarla, o cümlədən də enerji resursları ilə zəngindir. Təbii ki, hazırda qardaş Türkiyə iqtisadi potensialına, müasir sənaye inkişafına görə Türkdilli ölkələr arasında lider mövqeyə malikdir. Ancaq Azərbaycan və digər Türkdilli ölkələr də öz iqtisadiyyatlarını intensiv şəkildə genişləndirirlər. Türkiyə 761.4, Qazaxıstan 181.7, Özbəkistan 57.9, Azərbaycan 48, Türkmənistan 48 və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdir. Mütəxəssislərin qənaətinə görə, təşkilat daxilində iqtisadi və ticari əməkdaşlığı daha sistemli şəkildə əlaqələndirmək mümkündür. 1.2 tirlyon nominal ÜDM-ə malik olan Türkdilli ölkələr yeni regional əməkdaşlıq modeli yaradırlar. Deyə bilərik ki, regionun yeni iqtisadi xəritəsi formalaşmaqdadır.

Onu da qeyd etmək lazımdır ki, Ankara sammitində türk dövlətlərinin liderləri bütün müsəlmanları incidən və gələcəkdə yeni irqçi, ksenofob və islamofob təxribat və hücumlara yol aça biləcək müqəddəs kitabımız Qurani-Kərimə qarşı son vaxtlar nifrət zəminində törədilən cinayətləri kəskin şəkildə qınayıblar. Eləcə də, Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı törədilən ölümcül silahlı hücum pislənilib və bütün təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün tez və hərtərəfli araşdırmanın aparılmasına çağırış edilib.

Ümumiyyətlə, Türk birliyinin ideyadan reallığa çevrilməsində Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətləri olub. Təsadüfi deyil ki, TDT-nin yaranmasına aparan yol Naxçıvandan başlayıb. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”i imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib. Ötən dövrdə respublikamız TDT-nın müxtəlif tədbirlərinə böyük uğurla ev sahibliyi edib. Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) katibliyi və Türk Mədəniyyəti və İrsi Fondunun katibliyi Azərbaycanda yerləşir. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edib. Məsələn, Prezident İlham Əliyev 2014-cü ildə Bodrumda keçirilən Dördüncü Zirvə görüşü zamanı Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsünü irəli sürüb. Artıq bu təşəbbüs reallığa çevrilir. Martın 16-da keçirilən Ankara sammitində bu istiqamətdə praktiki addım atılıb.

İndiki mərhələdə Prezident İlham Əliyev TDT-nın missiyasının yalnız Türkdilli ölkələrlə məhdudlaşmadığı kimi aktual bir məsələni gündəmə gətirib. Ankarada keçirilən Fövqəladə Zirvə Görüşündə bununla bağlı fikirlərini ifadə edən dövlətimizin başçısı vurğulayıb: “Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır”. Bütün bunlar isə türk faktorunun dünya miqyasında güclü bir amilə çevrildiyini təsdiqləməkdədir.

DİGƏR Xəbərlər Arxiv