YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlaqələr yüksək səviyyədədir

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri öz zəngin proqramı ilə yadda qaldı. Səfər zamanı Azərbaycan həqiqətlərinin çatdırılması bu dəfə də özünəmxsusluğu ilə seçilirdi. Martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə ölkə başçısı Azərbaycanın iqtisadi imkanları, həyata keçirilən enerji layihələri, eləcə də ölkədə mövcud olan əlverişli investisiya mühiti haqqında çox geniş məlumat verdi. Bütün bunlar isə Azərbaycanın iqtisadi cəhətdən müstəqil olmasının göstəricilərdir. Prezident İlham Əliyev  görüşdə qeyd etdi ki, Azərbaycan iqtisadiyyatı son 20 ildə üç dəfədən çox artıb ki, bu da dünya rekordu hesab oluna bilər. Eyni zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, ölkənin xarici borcu azaldılmış və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olmuşdur.

Ölkə başçısı enerji məsələri haqqında fikir bildirərkən vurğuladı ki, Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır. Bir ildən az vaxt bundan əvvəl Azərbaycan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb. Bu gün ölkəmiz bir çox Avropa ölkələrini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edir. Prezident İlham Əliyev həmçinin qeyd etdi ki, Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar, hazırda Azərbaycan kəmər imkanlarını genişləndirməyi planlaşdırır. Belə ki, 16 milyard kubmetr tutumu olan TANAP-ın 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-ın isə 20 milyard kubmetrədək genişləndirilməsi planlaşdırırılır. Bu, əsasən Avropadan tələbatın artması ilə əlaqədardır. 3500 kilometr uzunluğu olan, 3 kəmər sistemini birləşdirən, 2021-ci il yanvarın 1-də istismara verilmiş kəməri indi genişləndirməyə ehtiyac var. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycana qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunub. Ölkəmiz tərəfdaşlarının ehtiyaclarını qarşılamaq üçün hər şeyi edir və Azərbaycanın qaz təchizatının artıq kifayət qədər şaxələndirilmiş coğrafiyası var. Enerji satışından əldə edilən vəsaiti nəqliyyat infrastrukturuna yönəltmək üçün ölkəmizdə çox gərgin işlər görülüb. Rusiya-Ukrayna müharibəsi nəticəsində Azərbaycanın nəqliyyat infrastrukturuna tələbat artır. Ötən il tranzit yüklərində 75 faizdən çox artım olub. Əlavə maliyyə vəsaitləri ayrılır ki, dəniz limanımızın və dəmir yolu infrastrukturunun imkanlarının artırılması baş tutsun.

Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycan “Böyük Qayıdış” adlanan dövlət proqramına artıq start verib. Müharibə bitdikdən sonra cəmi ilyarım ərzində 400-dən artıq məcburi köçkün öz yerlərinə qayıdaraq məskunlaşıb. Plana əsasən yüz minlərlə keçmiş məcburi köçkün öz yurd-yuvalarına qaytarılmalıdır, çünki erməni işğalı nəticəsində bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu mövzuda danışarkən ölkə başçısı bildirdi ki, Azərbaycan tamamilə yeni, müasir standartlar əsasında layihəni icra etməyi planlaşdırır. Qarabağ və Şərqi Zəngəzur bölgələri artıq yaşıl enerji zonası elan edilib. Orada yalnız bərpaolunan enerji mənbələrindən istifadə ediləcək. Bu mənbələr nəinki həmin yerlərdə insanların və sənayenin tələbatını ödəyəcək, o cümlədən ölkənin qalan hissəsinə də xidmət edəcək. Bir halda ki, ölkəmizdə bərpaolunan enerji mənbələrinin böyük potensialı var. Azərbaycanda külək və günəş enerjisi mənbələrinin potensialı 200 qiqavata yaxındır. Hazırda Azərbaycan həm xarici sərmayədarları cəlb etməkdə davam edir həm də həmin enerji həcmlərini ixrac etmək məqsədilə lazımi ötürmə imkanları yaradır. Ötən ilin dekabrında Buxarestdə Azərbaycandan Avropaya yaşıl enerjinin ötürülməsi üçün Qara dənizin dibi ilə kabelin çəkilməsi məqsədilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında saziş imzalandı. Cari ilin fevralında bu layihənin idarəetmə komitəsinin ilk iclası həmin ölkələrin nazirlərinin və Avropa Komissiyasının enerji üzrə komissarının iştirakı ilə Bakıda keçirildi. Birinci görüşdə tərəflər onun vahid layihə olacağı üzərində razılığa gəlib. O, Cənub Qaz Dəhlizindən fərqlənəcək, çünki orada Cənub Qafqaz Boru Kəməri, TANAP və TAP var. Bu, Xəzər dənizində külək enerjisi stansiyalarından başlayan və Avropa istehlakçılarına xidmət edən vahid layihə olacaqdır. Layihələrin enerji potensialının 200 qiqavata yaxın olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan həqiqətən də Avropa üçün vacib yaşıl enerji təchizatçısına çevriləcək. Neft-qaz kəmərlərinin tikintisi üzrə ölkəmizin uğurlu təcrübəsini nəzərə alaraq, enerji təhlükəsizliyi üzrə Avropadan olan ölkələr və şirkətlərlə mövcud əməkdaşlıq, Avropa Komissiyası tərəfindən ölkəmizin planların tamamilə dəstəklənməsi, bir ildən çox müddətdən əvvəl Avropa Komissiyası və bizim Energetika Nazirliyi arasında başlanılmış enerji dialoqu kimi bütün bu amillər həqiqətən onu nümayiş etdirir ki, Azərbaycandan olan yaşıl enerji tezliklə bu gün təbii qaz qədər əhəmiyyətə malik olacaqdır.

Almaniyaya işgüzar səfəri çərçivəsində martın 14-də Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşdən sonra  keçirilən birgə mətbuat konfransında Prezident İlham Əliyev bildirdi ki, hazırda Almaniya-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Mətbuat konfransında Azərbaycan həqiqətlərinə diqqət çəkərək ölkə başçısı bildirdi ki, ölkəmiz 30 ilə yaxın erməni işğalına məruz qalmışdır. Bu işğal və etnik təmizləmə nəticəsində torpaqlarımızın 20 faizə yaxını işğal altına düşmüş, bir milyon azərbaycanlı Ermənistan tərəfindən öz doğma torpaqlarından qovulmuş və qaçqın-köçkün vəziyyətinə düşmüşdür. İki il yarım bundan əvvəl isə Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü döyüş meydanında bərpa etdi.