YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Düzgün siyasətin məntiqi nəticəsi

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Azərbaycanın yenidən müstəqillik əldə etməsindən ötən illər ərzində respublikamız Avropaya və dünya birliyinə inteqrasiya yolunda inamla irəliləyərək beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirmişdir. Hazırda müstəqil dövlətimiz beynəlxalq münasibətlər sisteminin fəal üzvlərindən biridir. Qürurla deyə bilərik ki, Azərbaycan mülki cəmiyyət, hüquqi, demokratik və sivil dövlət prinsiplərini müvəffəqiyyətlə həyata keçirən və demokratikləşmə prosesinin dönməz xarakter aldığı bir ölkə kimi tanınıb. Dünyanın inkişaf etmiş dövlətlərinin Azərbaycanla hərtərəfli əməkdaşlığına maraq artmış, iri infrastruktur layihələrin həyata keçirilməsində ölkəmizin zəngin təcrübəsi beynəlxalq aləmdə örnək olmuşdur.

Azərbaycanın xarici siyasət sahəsindəki uğurları da uzaqgörən, mühüm əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsinin nəticəsidir. Ölkəmiz müstəqil dövlət kimi mövcud olduğu qısa müddət ərzində iqtisadi, siyasi və mədəni sahələrdə böyük irəliləyişlərə nail olmuş, iqtisadiyyatdakı geriləmə və tənəzzülün qarşısı alınmış, insanların həyat tərzi getdikcə yaxşılaşmış, xalqı narahat edən işsizlik problemi tədricən aradan qaldırılmış, əhalinin sosial rifah halı yaxşılaşmışdır.

Bu gün qazandığımız bütün bu nailiyyətlərin, uğurların əsası ümummilli lider, dünya şöhrətli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanın müstəqilliyinin əbədiyyətə çevrilməsi, dünya birliyində özünəməxsus layiqli yer tutması, sürətli iqtisadi inkişaf yoluna qədəm qoyması məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Hər bir xalq öz inkişafının müəyyən mərhələsində taleyüklü məsələləri həll etmək üçün böyük liderə və şəxsiyyətə ehtiyac duyur. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı böyük əhəmiyyət daşıyırdı. Müstəqilliyin bəyan edilməsi hələ qarşıda duran mürəkkəb və çətin vəzifələrin həlli demək deyildi. 1993-cü ilin iyun hadisələri zamanı siyasi hakimiyyətin ağır və şərəfli məsuliyyətini öz üzərinə götürən Heydər Əliyev bir tərəfdən Azərbaycanı bürümüş total böhranı aradan qaldırmalı, digər tərəfdən, Ermənistanın davam edən təcavüzünün qarşısını almalı, ictimai-siyasi və iqtisadi sabitliyi bərqərar etməli idi. Bu dövrdə, demək olar ki, ölkə əvvəlki iqtidarların naşı siyasətlərinin nəticəsi olaraq tam iflas vəziyyətində idi. Dövlət orqanları öz üzərlərinə düşən vəzifələri yerinə yetirə bilmir, qanunlar işləmir, hər yerdə insanlar arasında ümidsizlik və inamsızlıq hökm sürürdü. Belə ağır vəziyyətdə ulu öndər Heydər Əliyev ciddi və cəsarətli addımlar ataraq müasir, müstəqil Azərbaycının dövlət quruculuğunun əsaslarını yaratmağa başladı. 1993-95-ci illər arasında müstəqil dövlət quruculuğu sahəsində ardıcıl və məqsədyönlü siyasət həyata keçirildi. Heydər Əliyev Azərbaycana sabitlik, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi, dövlətə ordu, əsgərə ehtiram, qürur bəxş etdi, vətəndaşına ən ali hüquq və azadlıqlar, sərbəstlik, təkmil Konstitusiya, azad və ədalətli seçkilər, xalqın səsi ilə ərsəyə gələn parlament verdi.

Özünün təbii sərvətlərinə sahib çıxan Azərbaycan xalqı bu gün regionun lider dövləti olaraq, dünyanın 150-yə qədər ölkəsi ilə ticarət-iqtisadi əlaqələrə malikdir. Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar həyata keçirilən düzgün siyasətin məntiqi nəticəsidir. İqtisadi inkişafın Azərbaycan modeli özünəməxsus xüsusiyyətlərə malik olmaqla, dünya iqtisadi sistemində istifadə olunan yenilikləri səmərəli şəkildə mənimsəyə bilmişdir. Siyasi və iqtisadi baxımdan keçid dövrünü başa vuran Azərbaycan zamanında Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəçilik modelinin təməli üzərində uğurla irəli gedir. Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Ölkədə neft və qeyri-neft bölmələrinin inkişafı çoxşaxəli iqtisadiyyatın ahəngdar yüksəlişini təmin etmişdir.

Bu gün Heydər Əliyevin müəyyən etdiyi milli ideya Azərbaycan dövlətçiliyinin əsaslarıdır. Bu milli ideya ətrafında Azərbaycan xalqı gələcəyə doğru gedir, inkişaf edir.

Bu gün Cəmiyyət inkişaf edir, müasir dünyamızda gedən prosesə uyğun olaraq Azərbaycanın sosial-iqtisadi həyatında, qanunlarında, insanların həyat tərzində, idarəçilikdə müvafiq dəyişikliklər həyata keçirilir.

Prezident İlham Əliyevin dediyi bu fikirlər real həyatda öz əksini tapır. Bu gün modern Azərbaycan quruculuğu ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik prinsipləri əsasında uğurla davam edir.