YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizamidə “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Martın 11-də Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində rayonun Mikayıl Əliyev küçəsində ağacəkmə aksiyası keçirib.

Aksiyada YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami RİH başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Rasim Musabəyov, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, əməkdaşları, eləcə də partiya fəalları, şəhid ailələri və qazilər iştirak ediblər.

“Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyasının keçirilməsinin məqsədi Ulu Öndərin əziz xatirəsini yad etmək, onun yaşıllaşdırma ənənələrini, irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdir. Sirr deyil ki, ümummilli lider Heydər Əliyev rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə ekologiyanın qorunmasına və ətraf mühitin sağlamlaşdırılmasına həmişə böyük əhəmiyyət verib, Azərbaycanın ekoloji problemlərinin həllini xüsusi diqqətdə saxlayıb. Ulu Öndər ölkədə yeni ekoloji düşüncənin formalaşmasına zəmin yaradıb, ekoloji siyasətin əsasını qoyub. Ümummilli lider Heydər Əliyevin Azərbaycan təbiətinə qayğısı və bu sahədəki siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Aksiyada təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün iqlimə uyğun Eldar şamları əkilib, yeni əkilmiş tinglərə aqrotexniki qulluq göstərilib və suvarılıb.