YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

X Qlobal Bakı Forumu diqqət mərkəzindədir

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Bu günlərdə Azərbaycan 2013-cü ildən keçirilməsinə başlanan Qlobal səviyyəli Bakı Forumuna onuncu  dəfə ev sahibliyi edib. Prezident İlham Əliyevin 2011-ci il tarixli sərəncamı əsasında yaradılmış “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi” tərəfindən keçirilməsi artıq ənənəvi hal alan bu forumda yenə də dünyaca çox önəmli şəxslər iştirak edir. Açılışında Azərbaycan Prezidentinin iştirak etdiyi X Qlobal Bakı Forumun keçirilməsində çox mühüm məqsədlər var. Bu dəfə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.

Martın 11-dək davam edən Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınmış, qarşıda duran çağırışların həlli yolları müzakirə olunmuş, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunularaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılmışdır. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olmuşdur. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşərək, populizmin və ekstremizmin mənbəyini araşdırmış, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirmişlər.

Beynəlxalq aləm və dünya üçün bu cür qlobal forumların önəmi həm də ona görə yüksəkdir ki, bunu dövlətin maraqlarını təmsil edən dövlət qurumları deyil, qeyri-hökumət təşkilatları təşkil edir. Digər mühüm amil də həmin forumda daha çox dünya üzrə çox yüksək nüfuza və sözə sahib olan mötəbər şəxslərin iştirak etməsidir. Tədbirin önəmini artırmaq və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün Forumda müzakirə olunan mövzuların daha çox qlobal səviyyədə aktual olan problemlərlə əlaqədar olması da vacib məqamdır.

X qlobal Forumun açılışında iştirak edərək nitq söyləyən cənab İlham Əliyev ilk öncə qeyd etdi ki, Azərbaycan 3 ildir ki, sədrlik etdiyi Qoşulmama Hərəkatında sədrliyini başa çatdırmaq üzrədir. Bu müddətdə həyata keçirilən tədbirlərə gəlincə, qeyd etmək lazımdır ki, Qoşulmama Hərəkatında olan passivlik aradan qaldırılmış, beynəxallq münasibətlərə dair 3 Zirvə toplantısı keçirilmişdir. Zirvə toplantılarından biri COVİD-19-la mübarizəyə həsr edilmiş, BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı kimi çıxış edilmişdir.

“Biz COVID-19-dan sonrakı dövr məsələsinə diqqət yönəltdik. Bununla yanaşı, biz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım etdik. Biz koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə etdik” -deyə cənab Prezident bu sahədə aparılan işlərin davam etdiyini bildirmişdir.

Azərbaycanın sədrliyi müddətində Qoşulmama Hərəkatının institusional inkişafının təmin edilməsi, 60 illik tarixində ilk dəfə Parlament Şəbəkəsinin yaradılması,  Hərəkatın Gənclər Şəbəkəsinin təsis edilməsi onun katibliyi Bakıda yerləşməsi də qazanılan uğurlu nəticələrdən biri olmuşdur.  

Cənab Preizdent bildirmişdir ki, bu ilin sonunda Azərbaycanın sədrlik müddəti başa çatsa da, bu təşkilatın daha yaxşı fəaliyyət göstərməsi sahəsində səylər davam etdiriləcəkdir.

Ermənistanla münaqişənin həlli yollarına toxunan cənab İlham Əliyev bildirdi ki, Azərbaycan ərazilərini 30 il işğalda saxlayan Ermənistanın bu gün də sülh sazişini bağlamaqdan yayındığını qeyd etməklə hansı məqsədlər güddüyünü büruzə vermiş oldu. Lakin reallıq başqadır və Azərbaycan qalib tərəf olduğu üçün şərtləri də biz diqtə eytməliyik. Cənab Prezident bildirdi ki: “Beləliklə, çalışdıq ki, dinc yolla həll edək. Bizdə alınmadı, ona görə ki, erməni tərəfi konstruktiv yanaşma göstərmədi. Biz isə güc tətbiq etdik və öz ərazimizi azad etdik. Hazırda, təxminən iki il yarım vaxt ötür və biz 10 min kvadratmetrlərlə ölçülən və tamamilə dağıdılmış böyük ərazini yenidən tikirik. Yeri gəlmişkən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Şuşaya səfər ediblər və orada panel müzakirələr aparıblar. Onlar Füzulidə və Şuşada dağıntıları görüblər və bu, həqiqətən də barbarlıq, urbisid, kultursid, ekosid əlamətidir. Bunu edən bizim qonşularımız olub. Azərbaycan xalqının qisas almaq üçün mənəvi hüququ var və mən bunu anlayıram. Lakin mənim mesajım döyüş meydanında qisası almaqla həyata keçdi.”

Daha sonra bu gün dünyada yaşanan enerji təıhlükəsizliyi böhranından çıxış tollarını qeyd edən cənab İlham Əliyev Azərbaycanın bu sahədə həyata keçirdiyi tədbirlərdən, enerji mənbələrindən səmərəli istifadə yollarından və təmiz enerji siyasətindən söz açaraq Avropanın Azərbaycanı etibarlı tərəfdaş adlandırmasının səbəblərini göstərdi. Cənab Prezident qeyd etdi: “Biz nefti, neft məhsullarını, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixrac edirik. Ötən ilin dekabrında Buxarestdə əlamətdar hadisə baş verdi - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Avropa Komissiyasının Sədrinin iştirakı ilə yaşıl enerji və onun ötürülməsinə dair Saziş imzaladılar. Biz onun əsasında Azərbaycandan Avropaya dənizdən külək enerjisi stansiyalarından ötürmə xəttini çəkəcəyik. Həmin ötürmə xəttinin bir hissəsi Qara dənizin dibi ilə gedəcək. Hazırda biz texniki əsaslandırma prosesini aparırıq.”

Dünyamızın dinc və təhlükəsiz yaşaması üçün Azərbaycanın verəcəyi töhfələri qeyd edən Azərbaycan Prezidenti cənab İlham Əliyev X Bakı Qlobal Forumunun işinə uğrlar arzulamışdır. Forum həmişə olduğu kimi bu dəfə də müzakirə olunmuş məsələlərə görə dünyanın diqqət mərkəzindədir.