YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

X Qlobal Bakı Forumu: Azərbaycan beynəlxalq dialoq məkanı kimi

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Beynəlxalq ictimaiyyətin diqqəti yenidən Cənubi Qafqazda və konkret olaraq regionun lider dövləti Azərbaycanın paytaxtındadır. Bakı növbəti dəfə vacib regional və beynəlxalq məsələlərin müzakirə edildiyi qlobal tədbirə - X Qlobal Bakı Forumuna uğurla ev sahibliyi edir.

60 ölkədən 350 nəfərin qatıldığı Forumda Prezident İlham Əliyev və tədbir iştirakçıları tərəfindən səsləndirilən fikirlər bir sıra mühüm reallıqların üzərinə növbəti dəfə işıq salır:

- Geosiyasi qütbləşmənin artdığı, ziddiyyətlər və qarşıdurmaların şiddətləndiyi bir vaxtda Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Ölkəmiz mütəmadi olaraq nüfuzlu beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi edir, Azərbaycanda qlobal gündəliyin ən aktual məsələləri xüsusi müzakirə obyektinə çevrilir;

- Dünyada Şərq-Qərb qarşıdurmasının pik həddə çatdığı bir mərhələdə Azərbaycan öz təklif və təşəbbüsləri ilə sivilizasiyalararası dialoqun inkişafına, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfələr verir;

- Prezident İlham Əliyev dünya ölkələri və bütövlükdə bəşəriyyət üçün olduqca həssas bir dönəmdə çox mühüm təşəbbüslərlə çıxış edir, Azərbaycanın nümunəvi təcrübəsini bölüşür və liderlik keyfiyyətini nümayiş etdirir. Başqa sözlə, qətiyyətli liderin rəhbərlik etdiyi qüdrətli Azərbaycan bir daha qlobal taleyüklü məsələdə öz fəal rolu və liderlik missiyası ilə fərqlənir. Dövlətimizin başçısının strateji əhəmiyyətli təşəbbüsləri beynəlxalq müstəvidə qarşılıqlı anlaşma və əməkdaşlığa xidmət edir, yeni yanaşmaların və ideyaların meydana çıxmasına əlverişli zəmin yaradır;

- Azərbaycan dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin təşəbbüsləri çox yüksək qiymətləndirilir. Olduqca mürəkkəb şərtlərin və şəraitin hökm sürdüyü qlobal geosiyasətdə Azərbaycanın yerinin və rolunun möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafı dövlət başçısının uzaqgörən - milli maraqlara əsaslanan praqmatik xarici siyasət kursunun nəticəsidir;

- Qlobal Bakı Forumu kimi mötəbər platformalar reallıqların, xüsusilə də postmüharibə dövründə sülh və təhlükəsizliklə əlaqədar mühüm məqamların dünyanın diqqətinə çatdırılması, ölkəmizin strateji maraqlarının qorunması baxımından mühüm əhəmiyyətə malikdir. Builki tədbirdə də Prezident İlham Əliyevin həm keçirdiyi görüşlər zamanı, həm də Forumdakı çıxışında Azərbaycanın prinsipial mövqeyini növbəti dəfə qətiyyətlə ifadə etməsi böyük önəm daşıyır. Bir daha dünyaya bəyan edilir ki, Azərbaycan qətiyyətli mövqeyindən bir addım da geri çəkilmək niyyətində deyil və strateji hədəflərinə doğru inamla addımlayır;

- Forum çərçivəsində qurulan təmaslar, keçirilən görüşlər Azərbaycanın hərbi-strateji qələbəsinin siyasi-diplomatik müstəvidə möhkəmləndirilməsi kontekstində də əhəmiyyətlidir. Xüsusilə, əlaqələrin sıxlaşdırılması işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri ilə əlaqədar tərəfdaşlığın genişləndirilməsinə mühüm töhfə hesab oluna bilər.

Bütövlükdə, X Bakı Qlobal Forumu Prezident İlham Əliyevin qlobal liderlik mövqeyini, Azərbaycan yüksək beynəlxalq nüfuzunu əks etdirməklə yanaşı, ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafına əlavə stimuldur.