YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gender bərabərliyi siyasətinin əsas prinsipləri...

Anar Məmmədov

Milli Məclisin deputatı

Milli dövlətçilik anlayışının keşiyində duran qadınlarımız həmişə dövlətçiliyə, milli məfkurəyə bağlı olub, onun üçün mübarizə aparıblar. Prezident İlham Əliyevin sözləri ilə desək,  “tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bugünkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər”.

Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir.

Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının  Ümummili Lider Heydər Əliyevin adı ilə bağlı olması tarixi faktdır. O, qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib amil kimi hər zaman irəli sürmüşdür.

Ümummilli liderin xalqın istək və iradəsinə uyğun olaraq müstəqil Azərbaycana rəhbərlik etməsindən sonra digər sahələrlə yanaşı, qadın problemlərinin həlli istiqamətində də keyfiyyət etibarı ilə tamam yeni bir mərhələ başlandı. Zərif cinsin nümayəndələrinin üzləşdikləri çətinliklərin, problemlərin həllinə yenidən dövlət səviyyəsində diqqət və qayğı göstərilməyə başlandı, ölkədə formalaşan demokratik mühit yeni qadın birliklərinin, cəmiyyətlərinin yaranmasına təkan verdi, qadın hərəkatlarına bir ruh yüksəkliyi gətirdi. Azərbaycan 1995-ci il iyunun 30-da Birləşmiş Millətlər Təşkilatının “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” konvensiyasına qoşularaq öz üzərinə müvafiq öhdəliklər götürdü.

Eyni zamanda, qadınların cəmiyyətin bərabərhüquqlu üzvü kimi yaradılan bütün imkanlardan istifadə etmələri, dövlət idarəçiliyində önə çəkilmələri, onlara qarşı diskriminasiyanın bütün formalarının aradan qaldırılması istiqamətində mükəmməl hüquqi baza formalaşdırıldı. Ulu öndərin müəllifi olduğu müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının ali hüquqi zəminini yaratdı. Azərbaycanın sosial, siyasi və mənəvi inkişafında rolu artan qadınlar dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmağa başladılar. Ölkədə uğurla həyata keçirilən gender bərabərliyi siyasətinin hüquqi bazasının formalaşmasının davamı olaraq Heydər Əliyevin 1998-ci il yanvarın 14-də imzaladığı “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” sərəncamı, daha sonra “Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında”, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanları qadınların ictimai-siyasi həyatda iştirak və imkanlarının genişləndirilməsi sahəsində dövlət strategiyasının əsaslarının yaradılmasında mühüm rol oynadı.

2000-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planının (2000-2005-ci illər) təsdiq edilməsi zərif cinsin təmsilçilərinə yüksək dövlət qayğısının daha bir təzahürü oldu. Bu sənəddə ölkədə qadın problemləri ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsi, eləcə də müvafiq dövlət prolqramlarının hazırlanması nəzərdə tutlmuşdu. Milli Fəaliyyət Planı Azərbaycanın 1995-ci ildə qoşulduğu “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiya və Pekin Fəaliyyət Platforması əsasında respublikada mövcud vəziyyət və prioritetləri nəzərə almaqla tərtib olunmuşdu. O, problemlərin beynəlxalq standartlara uyğun şəkildə həllinə yönəldilmiş nazirlik, komitə və digər təşkilatların, o cümlədən üçüncü sektorun iştirakı ilə hazırlanmış dövlət sənədi idi. Bu, bir daha qadınlara, onların üzləşdiyi problemlərin çözümünə, ailədə və cəmiyyətdə mövqelərinin daha da möhkəmlənməsinə dövlət tərəfindən göstərilən qayğının, aparılan məqsədyönlü siyasətin real təcəssümü idi.

Respublikamızda dövlət qadın siyasəti, bu istiqamətdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr bu gün Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşılır.

Prezident İlham Əliyevin hər il 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik dövlətimizin başçısının zərif cinsin nümayəndələrinə diqqətinin və ehtiramının təcəssümüdür.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da Azərbaycanın tanıdılması, Qarabağ həqiqətlərinin, Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərir. Onun təşəbbüsü ilə keçirilən tədbirlər həm də Azərbaycan gənclərinin potensialından xəbər verir.

8 mart Beynəlxalq Qadınlar Günüdür. Bu günün ölkəmizdə də geniş şəkildə qeyd olunması qadının həyatımızdakı əvəzsiz rolunun, anaya hörmət və ehtiramın, zəngin mənəvi dəyərlərimizin parlaq ifadəsidir. Bu gün həm də torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının, uzun müddət ürəyi Vətən həsrəti ilə döyünən, məcburi köçkün düşmüş qadınlarımızın  bayramıdır. Artıq onlar beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edirlər. Çünki qəhrəman analarımızın sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək, Azərbaycanın ərazi bütövlüyünü təmin etdilər. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq.