YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan naminə

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının əsas prinsip və vəzifəsi dövlət müstəqilliyinin qorunması, möhkəmləndirilməsi, demokratik dövlət qurulması və Azərbaycan  xalqının dinc və firavan həyat sürməsini təmin etməkdir. Yarandığı gündən Yeni Azərbaycan Partiyası bu amala, məsləkə xidmət edir. İqtidar partiyası olaraq YAP xalqın böyük dəstəyini və inamını qazanmışdı. Dövrün tələblərinə uyğun, eləcə də hakim partiya olaraq YAP- da hər zaman islahatlar aparılır. 2021-ci ilə qədər YAP özünün VI Qurultayını keçirmiş və bu qurultaylarda partiyanın təkmilləşməsinə xidmət edən bir sıra qərarlar qəbul edilmişdir. 2021-ci il martın 5-də YAP özünün yeddinci Qurultayını keçirib. Qurultayda YAP-ın sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə YAP- ın yaradılmasının zəruriliyindən, sonrakı dövrlərdə YAP-ın  Azərbaycan dövlətinin inkişafı, Azərbaycan xalqının rifahı naminə gördüyü işlərdən, eləcə də partiyanın beynəlxalq aləmdə qazandığı böyük nüfuzu haqqında çıxış etdi.

Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Azərbaycanda ictimai vəziyyət getdikcə ağırlaşırdı.  Ermənistandan zorla öz yurd yerlərindən qovulan azərbaycanlılar respublikamızın bütün rayonlarına köçməyə məcbur oldular. Xankəndində erməni millətçi və separatçıların fəallaşması və Qarabağın Azərbaycandan ayrılması tələbləri başlandı. Ermənilər bu bölgədə azərbaycanlıları qətlə yetirirdilər. O zaman Azərbaycanda hakimiyyətdə olan ölkənin rəhbər şəxsləri bu hadisələri sadəcə seyr etməklə kifayətlənirdilər. Azərbaycan xalqı çıxılmaz vəziyyətə düşmüşdü. Ölkəmizin bu ağır və keşməkeşli günlərində Azərbaycan ziyalıları bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə Azərbaycan xalqının lideri və müdrik oğlu Heydər Əliyevin ətrafında birləşdilər. Azərbaycanın 91 nəfərdən ibarət görkəmli ziyalıları, nüfuzlu şəxsləri Heydər Əliyevə müraciət göndərdilər. Müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq partiyaya sədrlik etmək xahiş olunurdu. Bu müraciət həmçinin xalqın istək və arzusunu ifadə edirdi.  1992-ci il noyabrın 21-də Azərbaycanın bütün regionlarından seçilmiş 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransı­nı keçirməyə nail oldu. Təsis konf­ransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və ümummilli lider Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Konfransda həmçinin partiyanın proqram və nizamnaməsi qəbul edildi. Beləliklə, YAP-ın təməli qoyuldu. Bu gün YAP üzvləri ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq bu kursu yaşatmaq üçün var gücü ilə çalışırlar. Ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə gəlməsinin məqsədi Azərbaycan xalqını zülmdən qurtarmaq, Azərbaycan dövlətini parçalanmaqdan xilas etmək idi. Ümummilli lider öz xalqını sevən, müstəqil Azərbaycan dövlətinin yaşaması və güclü bir dövlət olması üçün canını belə əsirgəməyən dahi şəxsiyyət və güclü siyasətçi idi.

1993-cü ildə Azərbaycanda Vətən müharibəsi başlayanda və ölkəmiz  parçalanma təhlükəsi ilə üz -üzə qalanda bütün xalq ulu öndər Heydər Əliyevin müdrikliyinə sığındı və bu ağır vəziyyətdən qurtuluşun yeganə yolunu Heydər Əliyev dühasında gördü. Heydər Əliyev qısa müddətdə öz müdrik və qətiyyətli siyasəti nəticəsində xalqı bu ağır vəziyyətdən çıxarmağı bacardı.

Bu gün Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin sədrliyi ilə partiya yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. YAP- ın VII qurultayında qəbul edilmiş qərarlar əsasında partiyanın yeni Nizamnaməsi, 40 nəfərdən ibarət İdarə Heyəti, 13 nəfərlik Təftiş Komissiyası,  35 nəfərdən ibarət Veteranlar Şurası təsdiq edilmişdir. Bundan əlavə, YAP həmçinin təşəbbüskar bir partiya kimi hər zaman digər siyasi partiyalarla dialoqa hazır olduğunu bəyan etmişdir. YAP Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər şeydən üstün tutan digər siyasi partiyalarla əməkdaşlıq etməyə hazır olduğunu bəyan etmişdir. Bu gün YAP regionda ən güclü və böyük siyasi bir partiyaya çevrilmişdir. YAP dünyanın bir sıra iqtidar partiyası ilə əməkdaşlıq əlaqələri yaratmış, bir çox ölkələrin siyasi partiyaları ilə ikitərəfli əlaqələr qurmuşdur. YAP-ın Türkiyədə hakimiyyətdə olan AKP ilə əməkdaşlığı xüsusi önəm kəsb edir. Hər iki dövlət və partiya liderinin möhkəm dostluq əlaqələri bu əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmışdır.

İqtidar partiyası olaraq YAP humanitar sahədə də nəcib işlərə imza atmaqdadır. Yeni Azərbaycan Partiyası 2021- ci ildə "Qarabağ Dirçəliş Fondu"na 500 min manat vəsait köçürmüşdür. Eləcə də "Silahlı Qüvvələrə yardım Fondu"na 2020-ci ildə 100 min manat vəsait köçürmüşdür. Həmin il partiya "YAŞAT" Fonduna da 100 min manat vəsait köçürmüşdür. Yeni Azərbaycan Partiyası bu il fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş Türkiyəyə də humanitar və maddi yardım göndərmişdir.

 YAP- ın Azərbaycan dövləti və Azərbaycan xalqı naminə gördüyü işlər Azərbaycan tarixində şanlı bir səhifə kimi yazılacaq.