YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zamanın çağırışı

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

2019-cu ilin sonlarından dünyanı bürüyən koronavirus infeksiyasına qarşı mübarizə hər bir dövlətin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Azərbaycan yenə də təkmil təcrübəsi, ölkə daxilində və beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirləri ilə diqqətdə oldu.

Martın 2-də Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü  Azərbaycanın Hərəkata sədrliyi dövründə həmrəyliyin gücləndirilməsi istiqamətində atdığı addımların təqdimatı oldu. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşü keçirildi və Azərbaycan 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdü. Azərbaycanın Hərəkata sədrliyi koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir vaxta təsadüf etdiyindən ölkəmizin bu istiqamətdə təşəbbüsləri və onların uğurlu nəticələri daim müzakirə edilən məsələlər sırasında olur. Cənab İlham Əliyev koronavirus infeksiyası ilə mübarizənin qlobal problem olduğunu önə çəkərək ona qarşı birgə mübarizənin vacibliyini bəyan etdi. Türk Şurasının ardınca “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etdi və bunun reallığa çevrilməsinə nail oldu.

Dövlət başçısı çıxışlarında bu məqama xüsusi diqqət yönəldir ki, Qoşulmama Hərəkatına sədrliyi öz üzərimizə götürərkən bəyan etdim ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaq. Son illərdə bu yönümdə atılan addımlara diqqət yetirsək ölkə Prezidentinin vədinin əməli fəaliyyətində əksini tapdığını böyük əminliklə qeyd edə bilərik. Azərbaycan ədaləti və beynəlxalq hüququ müdafiə etməklə həm Qoşulmama Hərəkatının dünya siyasətində nüfuzunu artırdı, həm də Hərakata üzv dövlətlərlə ölkəmiz arasında əlaqələrin yüksələn xətlə inkişafını təmin etdi. Cənab İlham Əliyevin hər bir təşəbbüsü Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən böyük dəstək qazanır. Bunun nəticəsidir ki, ötən il həmin ölkələrin yekdil qərarı ilə Azərbaycanın təşkilata sədrliyinin müddəti bir il uzadıldı.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsindən sonra BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçiriləsi zəruriliyi diqqətə çatdırıldı və 2020-ci ilin dekabrında gerçəkləşdi.  O da məlumdur ki, Azərbaycan 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı edib. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində ianə etmişdir ki, bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır.

Dövlət başçısı İlham Əliyev çıxışlarında bu reallığı da diqqətə çatdırır ki, ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə, bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı.

Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin 30 il həllinin uzanması əksər dünya güclərinin ədaləti və beynəlxalq hüququ necə qoruduqlarına işıq saldı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapsa da sənədlərin icrası 30 il mümkünsüz oldu. Dünyanın ikili standartlara əsaslanan siyasətindən yaxa qurtara bilməməsi, işğalçıya dəstəyi münaqişənin həlli prosesinin uzanmasına, danışıqların sadəcə danışıq xatirinə aparılmasına səbəb oldu. Ermənistanın bu dəstəyə arxalanaraq yeni ərazilər uğrunda müharibə planı 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə gətirib çıxardı. Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi.

Zirvə görüşündə BMT sistemində islahatların aparılması, Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi kimi məsələlərin müzakirə olunması da bu kimi mühüm məqamlara söykənir. Zirvə görüşündə bir daha dünyanın təhlükəsiz gələcəyi naminə təkliflər səsləndirildi, çağırışlar irəli sürüldü və onların icrası üçün qlobal həmrəyliyin möhkəmləndirilməsi əsas amil kimi diqqətə çatdırıldı.