YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın yenidənqurma modeli

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Martın 2-də keçirilən, 70-ə yaxın ölkənin dövlət və hökumət başçılarının, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq və Liviyanın prezidentlərinin, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentlərinin, Əlcəzair və Keniyanın Baş nazirlərinin, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, eyni zamanda, nazirlərin, nazir müavinlərinin, səfirlərin qatıldıqları Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə dövlət başçısı İlham Əliyevin çıxışında yer alan məqamlar hazırda ölkə və dünya mətbuatında geniş müzakirə olunur. Cənab İlham Əliyev bir daha bu reallığı diqqətə çatdırdı ki, Azərbaycan qlobal həmrəyliyə və əməkdaşlığa xüsusi önəm verir.

Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının təşəbbüslərinə və qlobal həmrəyliyə töhfələrinə diqqət yetirmək kifayətdir. Baxmayaraq ki, Zirvə görüşü  koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə, postpandemiya dövrünün hədəflərinə həsr edilmişdi, dünyanı narahat edən bütün  məsələlər diqqətdə oldu və cənab İlham Əliyev hədəflərə nail olmaq üçün təkliflərini səsləndirdi. Zirvə görüşündəki çıxışlarda bu əminlik ifadə edildi ki, dövlət başçısı İlham Əliyevin çağırışları, təklifləri gələcəkdə özünü uğurlu nəticələrdə ifadə edəcək. Ölkəmizin qlobal problemlərin həllinə verdiyi töhfələr təqdir edildi.

Azərbaycan hər zaman birlik, həmrəylik, əməkdaşlıq, sülh və təhlükəsizlik çağırışları ilə diqqətdə olub. Azərbaycanın 30 illik işğal, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə hansı faciələrlə üz-üzə qalmasına baxmayaraq, tarixi Zəfərimizdən sonra regionda dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq üçün Ermənistana sülh müqaviləsinin imzalanması təklifini etməsi də deyilənlərin təsdiqidir. Azərbaycan tarixi Zəfəri ilə yeni reallıqlar yaratdı. Hazırda sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi nüfuz qazanır. Zirvə görüşündə Qoşulmama Hərəkatına üzv ölkələrə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə, həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə birtərəfli və qərəzli bəyanatların qəbuluna imkan verməməkdə göstərdikləri qətiyyətə görə təşəkkür edən cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Hərəkata üzv dövlətlərin legitim maraqlarının müdafiəsi və Hərəkatın beynəlxalq arenada mövqeyinin güclənməsi üzrə səylərini əsirgəməyəcək.

Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında tarixi Zəfərimizin mühüm reallıqlarından olan işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyalı bərpa-quruculuq işlərindən də geniş bəhs etdi. Bildirdi ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan hökuməti 2021-2022-ci illərdə yenidənqurma işlərinə 4 milyard ABŞ dollarına yaxın pul xərcləyib. Bu il biz bu məqsəd üçün ən azı 1,7 milyard ABŞ dolları məbləğində vəsait ayırmağı planlaşdırırıq. Müasir şəhərsalma - “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarından istifadə edərək yeni şəhər və kəndlər sıfırdan yaradılır.  Bu, milli hökumətlər tərəfindən postmünaqişə dövründə icra olunan nadir və daha öncə görünməmiş bir inkişaf və yenidənqurma modelidir.

Azərbaycanın birliyə, həmrəyliyə, əməkdaşlığa verdiyi önəm bərpa-quruculuq işlərində də özünü qabarıq şəkildə büruzə verir. Belə ki, dövlət başçısı İlham Əliyev ilk gündən bu prosesdə dost ölkələrin iştirakına çağırışlar etdi və son iki ildən artıq dövr ərzində göstərilən bu dəstəyi daim yüksək qiymətləndirir. Məhz ölkəmizin bu siyasətindən irəli gəlir ki, cənab İlham Əliyev Zirvə görüşündə bu fikri böyük inamla qeyd etdi ki, COVID-19 pandemiyası dövründə olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcək. Burada iki qlobal çağırış səsləndirilir.  Bunlar Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləməkdir. Azərbaycan ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırır.  Ölkə Prezidenti belə bir əminliyi də ifadə etdi ki, Qoşulmama Hərəkatının üzvləri və beynəlxalq ictimaiyyətin digər üzvləri Azərbaycanın təşəbbüsünü dəstəkləyəcək və bizə qoşularaq postpandemiya bərpası dövründə ehtiyacı olan ölkələrə dəstək verəcəklər.