YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Onlayn diplomatiya”, yoxsa üçtərəfli görüş?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəmizdə səfərdə olarkən rəsmi Moskvanın Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü təşkil etməsi məsələsinə toxunub. Lavrov bildirib ki, Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilməsinə hər zaman hazırdır. “Azərbaycan tərəfi üçtərəfli görüşlərə razılıq versə də, Ermənistan bununla razılaşmayıb. Biz keçən ilin sonunda belə görüşlə bağlı razılıq almışdıq. Azərbaycan razılıq vermişdi, son anda  Ermənistan tərəfi görüşə gələ bilməyəcəklərini bildirdi”, - deyə Rusiyanın XİN başçısı vurğulayıb.

Əslində, Sergey Lavrovun bu fikirləri Ermənistana xəbərdarlıq kimi də dəyərləndirilə bilər. Çünki  Ermənistanın sülh sazişinin müzakirəsi ilə bağlı danışıqların üçüncü raundundan imtina etməsi rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyini bir daha nümayiş etdirdi. Ötən il dekabrın 23-də Moskvada keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın qatılmaması da bunu təsdiqlədi. Erməni tərəfi iştirak etmədiyi üçün həmin görüş Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında baş tutub. Ceyhun Bayramov erməni tərəfinin bu addımını sülhə maraqlı olmaması kimi dəyərləndirib. Sergey Lavrov isə deyib ki, rəsmi İrəvan XİN başçılarının Moskvadakı görüşündə iştirak etməkdən imtina barədə qərarını çatdırmaq üçün diplomatik kanallardan istifadə etməyib. Ermənistan bu görüşdən imtinasını Laçın yolunda baş verən hadisələrlə əlaqələndirməyə çalışsa da, özünün “böyük bacısı” olan Fransanın diqtəsi ilə baş verməsi ehtimalı daha böyükdür. Laçın yolunda Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri haqlı tələblər irəli sürürlər. Üstəlik, həmin görüşdən imtina etməklə rəsmi İrəvan Rusiya ilə gərginlik yaradır. Çox gülüncdür ki, erməni tərəfi bu addımı ilə Rusiyaya təsir etmək istəyir. Tamamilə hər cəhətdən Rusiyadan asılı olan bir ölkənin bu addımını başqa cür qiymətləndirmək olmaz. Rəsmi İrəvan anlamalıdır ki, Fransa kimi ölkələrin təhrikinə uyması ermənilərə yaxşı heç nə vəd etmir. Ona görə də, Paşinyan hakimiyyəti sülh imkanlarını düzgün dəyərləndirməlidir.

Ümumiyyətlə, Ermənistan hakimiyyətinin sözügedən görüşdən imtina etməsi Moskva tərəfindən qıcıqla qarşılanıb. Bütün bunlar Rusiya-Ermənistan münasibətlərində soyuqluğun olmasına da bir işarə idi. Xatırladaq ki, sülh sazişi ilə bağlı danışıqların iki raundu arxada qalıb. Bu yöndə ilk görüş ötən il oktyabrın 2-də Cenevrədə, ikinci görüş isə noyabrın 7-də Vaşinqtonda keçirildi. Üçüncü Moskva görüşü də qeyd etdiyimiz səbəbdən baş tutmadı. Məlumdur ki, Azərbaycan sülh sazişi imzalamaq üçün qarşı tərəfə beş bənddən ibarət təklifləri təqdim edib. Bu  baza prinsiplərində ilk olaraq dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Beləliklə, rəsmi Bakının sülh sazişinin imzalanması üçün təklifləri aydındır və bu təkliflər beynəlxalq hüquq normalarına əsaslanır. Müzakirələrin gedişində tərəflər layihəyə əlavə təkliflərini də veriblər.

Bütün bunların fonunda rəsmi İrəvan onu da anlayır ki, pozuculuq fəaliyyəti ilk növbədə özünün ziyanınadır. Ona görə də, sülh sazişi üzrə işləri bərpa etməyə məcbur oldu.  Fevralın 17-də Nikol Paşinyan sülh sazişi layihəsi ilə bağlı bir sıra təkliflər verildiyini və bu layihənin Azərbaycan tərəfinə təqdim olunduğunu açıqlayıb. Hazırda Azərbaycan tərəfi də sonuncu variant üzərində işləyir. Erməni tərəfi Moskva görüşündən imtina etdikdən sonra sülh danışıqlarında yeni üsuldan istifadə olunur. Bu, onlayn variantdır. Artıq hər iki tərəf bu variantda təmas qurduqlarını açıqlayıb. “Onlayn diplomatiya” o qədər səmərəli olmasa da, əsas odur ki, hansı variantda təmaslar olursa olsun iki ölkə arasında beynəlxalq hüquqa və ədalətə əsaslanan sülh sazişi tezliklə imzalansın. Çünki sülh sazişi regionumuza sabitlik, təhlükəsizlik və əməkdaşlıq gətirəcək.

Nardar Bayramlı

"Yeni Azərbaycan" qəzeti