YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əsas çağırış sülh müqaviləsinin imzalanmasıdır

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına müsahibəsində “Bu gün həqiqətləri gizlətmək, yaxud da ki, reallığı təhrif etmək mümkün deyil. Biz informasiya dünyası dövründə yaşayırıq. Hər kəs yaxşı bilir harada nə baş verir. Ona görə qeyri-ciddi və manipulyativ mahiyyət daşıyan açıqlamalar, əlbəttə ki, ciddi qəbul edilmir. Bizim mövqeyimiz birmənalıdır. Biz nəyi deyiriksə, birincisi, həqiqətə əsaslanırıq. İkincisi, mövqeyimizi açıq bildiririk. Beynəlxalq tərəfdaşlar da bilirlər ki, biz nə istəyirik” fikirləri ilə bir daha sözügedən tədbirin ümumi mənzərəsini təqdim etdi.

Onu da nəzərə alaq ki, Prezident İlham Əliyevin  qatıldığı 59-cu Münxen Təhlükəsizlik Konfransına 800 nəfərdən çox iştirakçı rəsmi dəvət olundu. Konfransda Azərbaycan Prezidenti ilə yanaşı, 40-dan çox dövlət və hökumət başçısı, habelə xarici işlər, müdafiə və digər sahələrə məsul nazirlər, Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katibləri iştirak etdilər.

Münxen Təhlükəsizlik Konfransının ötən illərdə keçirilən görüşləri ilə builki görüşü müqayisə etdikdə iştirakçıların say tərkibində böyük artımın şahidi oluruq. Təbii ki, bu, müzakirəyə çıxarılan məsələlərə maraqdan, plenar iclasların mövzularının aktuallığından irəli gəlir.

Dövlət başçısı İlham Əliyev plenar iclasda regionda təhlükəsizliyin təmin edilməsi üçün atılacaq addımların yol xəritəsini təqdim etdi. 30 illik işğal dövründə bu fikir beynəlxalq səviyyədə də etiraf edilirdi ki, Qarabağ münaqişəsinin həllini tapmaması regionun iqtisadi inkişafına böyük maneədir. Bu reallıq fonunda belə dünya gücləri münaqişənin nizamlanması üçün Ermənistana sanksiyaların tətbiqi barədə düşünmək istəmədilər. 28 il BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını gözləyən Azərbaycan ən yüksək tribunalardan ikili standartlara əsaslanan siyasətə son qoyulması, bu qətnamələrin icrası üçün vahid mexanizmin  müəyyənləşdirilməsi çağırışlarını etdi.

Dövlət başçısı İlham Əliyev sözügedən plenar iclasda bir daha bu kimi məqamlara diqqəti yönəldərək Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə yeni reallıqlar yaratdığını diqqətə çatdırdı. “Biz istəyirik ki, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxsın. Biz imkan verə bilmərik ki, Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilsin…Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var. Biz istəyirik ki, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun” söyləyən dövlət başçısı İlham Əliyev özlüyündə yaranan “Ermənistan nə istəyir” sualı ilə bağlı fikirlərini belə açıqladı ki, gah deyirlər onlar Laçın-Xankəndi yolunda baş verən hadisələrə ümumiyyətlə heç bir münasibət bildirməyəcəklər. Bu, onlara aid məsələ deyil. Gah deyirlər ki, onlar dırnaqarası “Dağlıq Qarabağ problemi” ilə məşğul olmaq istəyirlər: “Ona görə onlar özləri üçün bunu müəyyən etməlidirlər və düzgün tələffüz etməlidirlər, xarici tərəfdaşlara da öz mövqeyini, - əgər o mövqe varsa, - çatdırmalıdırlar.”

Cənab İlham Əliyevin 30 illik işğal və hazırkı postmünaqişə dövrünün reallıqları ilə bağlı səsləndirdiyi fikirlər fonunda Ermənistanın baş nazirinin yalanları daha aydın göründü. Nəzərə alsaq ki, hazırkı dövrün əsas çağırışı sülh müqaviləsinin imzalanmasıdır, bu halda yalan təbliğat deyil, ədalətə, beynəlxalq hüquqa söykənən real addımlar gərəkdir. Ermənistan bu barədə düşünməlidir.