YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biz birlikdə güclüyük!

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Qardaş Türkiyənin 10 vilayətini əhatə edən  zəlzələ nəticəsində baş verən faciə Azərbaycanı da yasa boğub. Xalqımız  türkiyəli qardaşlarımızın acısını bölüşür, dərdinə şərik olur, onlara hər cür arxa-dayaq olmağa çalışır.  

Bu ağır günlərdə Türkiyənin dərdinə şərik olan, zərərçəkənlərin imdadına ilk yetişən Azərbaycan dövləti zəlzələnin fəsadlarının aradan qaldırılması üçün qardaş ölkəyə hərtərəfli yardım göstərir. 

Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”. Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Prezident İlham Əliyev, həmçinin zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.  

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”.

Öz liderlərinin mövqeyini dəstəkləyən xalq  və  dövlət qurumları qardaşlarımıza yardım üçün xilasedici dəstələr, texniki vasitələr göndərməyə başladı. Az bir müddət  içərisində ayağa qalxan Azərbaycan xalqı türkiyəli qardaşlarımıza həm mənəvi, həm də maddi dəstək üçün əlindən gələni əsirgəmədi. Bu günlərdə ölkənin hər tərəfində yardım kampaniyası sürətlə davam edir. Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var, onu gətirir. Kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu fevralın 7-də keçirilən brifinqdə ölkəmiz haqqında bu fikirləri bildirib. "Hər çətin anımızda Azərbaycan yanımızda oldu. Azərbaycanın göstərdiyi dəstək işimizi asanlaşdırır. Başqa ölkələrdən də yardımlar gəlir, lakin yardım göndərən ilk ölkə Azərbaycan oldu. Hazırda da onlar axtarış-xilasetmə işlərinə davam edir".

Baş verən faciədə zərəçəkən qardaş-bacılarımıza yardım göstərmək  üçün ictimai təşkilatlar da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə 9 fevral tarixində Qaziantep hava limanına yola düşüb.

Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.

Hazırda vəziyyətin son dərəcədə ağır olduğunu, qardaş türk xalqıyla həmrəyliyin vacibliyini nəzərə alaraq Azərbaycan Sahibkarlar Konfederasiyası, MÜSİAD Azərbaycan, ATİB, TUİB, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi, Azərbaycan Əczaçılar Klubu, Gəncliyə Yardım Fondu, Müasir İnkişaf Birliyi, KOBSKA, Türkiyə Məzunu Ziyalılar və İş Adamları Platformu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə Birliyinin yetkililəri ilə birlikdə MÜSİAD Azərbaycan ofisində, dəstəkçi təşkilat olan KOBİA-nın təmsilçisinin də qatılmasıyla “Qardaş Köməyi” platforması təsis edib. Ölkə başçısı İlham Əliyev bildirib ki, “Azərbaycanın ən böyük şirkəti SOCAR öz dəstəyini verməyə başlayıb. SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq.”

Qardaş ölkədə baş vermiş təbii fəlakətlə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün Türkiyədə bir həftəlik matəm elan edib. Qardaş ölkənin Azərbaycandakı səfirliyinin önündəki Türkiyə bayrağı da yarıya qədər endirilib. Azərbaycan xalqının bu faciəni öz dərdi kimi qəbul etməsini, yasa bürünməsini görən digər dövlətlərin Bakıda yerləşən səfirlikləri də bu matəmdə xalqımıza, Türk dünyasına hörmət əlaməti olaraq bayraqları endirib.  

Qardaş Türkiyə Azərbaycan xalqının ürəkdən gələn ağrısını, dəstək üçün çabalarını yüksək qiymətləndirir. Bir-birinin ardınca yola düşən təyyarələr, TIR-lar, yük maşınları dayanmadan qardaş xalqın köməyinə tələsir. FHN-in 700 nəfərdən artıq şəxsi heyəti zəlzələ rayonunda durmadan çalışır. Bu bizim qardaşlığımızın bariz nümunəsidir, “Bir millət, iki dövlət” deyiminin reallıqda təcəssümüdür. Bu qardaşlıq və birlik sayəsində zəlzələnin nəticələri aradan qaldırılacaq və yaralarımız sarınacaqdır.