YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli şimal regionuna səfərini başa vurub.

İyunun 5-də Siyəzən sakinləri Oyunların məşəlini böyük təntənə ilə qarşılayıblar. Rayon ictimaiyyəti şəhərin Heydər Əliyev prospektində qurulan Oyunların rəmzi qapısında məşəlin qəbul olunmasını böyük coşqu ilə izləyib.

Məşəli cüdo üzrə gənclər arasında Azərbaycan çempionu Bəsti Səfərova qəbul etdi. Bundan sonra 11 məşəlçinin yürüşünə start verildi. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev prospekti boyunca 2 min 700 metr məsafəni qət etməklə şəhərin mərkəzinə gəldilər. Mərkəzi kitabxananın qarşısında quraşdırılan səhnəyə qalxan boks üzrə Azərbaycan çempionu Ruslan Qasımov məşəli alovlandırdı. Məşəlin alovlandırılmasını izləyən siyəzənlilər bu tarixi hadisəni alqışlarla qeyd etdilər.

Sonra qaydasız döyüş üzrə üçqat dünya çempionu İlqar Hüseynov Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidovaya təhvil verdi.

Mərasim iştirakçıları birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarxı maraqla izlədilər.

Bununla da Siyəzən birinci Avropa Oyunlarının məşəlinin alovlandırıldığı 58-ci yaşayış məntəqəsi oldu.

Sonra birinci Avropa Oyunlarının məşəli Xırdalan şəhərinə yola salındı.